Azərbaycandakı siyasi məhbusların yeni siyahısı AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: Dünən, 18:13


Azərbaycanın Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq oktyabrın 7-də ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, siyahıya 392 nəfərin adı daxil edilib.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və "Siyasi Məhbusların Monitorinq Mərkəzi" İctimai Birliyinin rəhbəri Elşən Həsənov Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) müəyyən etdiyi "siyasi məhbus" meyarları əsasında tərtib etdiklərini açıqlayıblar.

Qurumun iyunda açıqladığı eyniadlı siyahıda isə 375 məhbusun adı var idi. Yenilənmiş siyahıda onlar 12 qrupda təsnif edilib.

Sənəddə onların 31-i jurnalist və bloqer, yeddisi hüquq müdafiəçisi, 39-u ictimai-siyasi fəal, beşi milli azlıqların nümayəndəsi, ikisi müharibə əleyhdarı, ikisi "Söyüdlü işi" üzrə fəal, beşi deportasiya olunmuş siyasi mühacir, 249-u dini kəsimdən olan insanlar, 12-si isə ömürlük məhkum kimi təqdim edilirlər. Daha 19-u bu il İmişli rayonunda etirazlarla bağlı, səkkizi "Tərtər işi" və 13-ü də "Gəncə işi" üzrə həbs edilənlərdir.

Beləliklə, iyunun 9-dan sonrakı dövrdə siyahıda 17 nəfər artıb. Onlar qaçaqmalçılıqda ittiham edilən jurnalist, ictimai fəal Anar Abdulla, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin böhtanda günahlandırılan rəhbəri Fikrət Cəfərli və başqalarıdır.

Siyahıya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Başqa təşkilatların hazırladığı siyahılarda isə, əsasən, daha az məhbus yer alır. Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir. Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edirlər. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar. Prezidentin imzaladığı son iki əfv sərəncamına siyasi məhbus hesab edilən bir şəxs belə düşməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz