Ruslan İzzətli və Akif Qurbanov Şəmşad Ağayla bağlı prezidentə müraciət ediblər
Tarix: Dünən, 11:27
“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platforması üzvləri Akif Qurbanov və Ruslan İzzətli prezident İlham Əliyevə müraciət ediblər.
Civilazerbaijan.com bildirir ki, oktyabrın 12-də ictimailəşdirilən müraciətdə onlar Əliyevdən “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağanın azadlığa buraxılmasını istəyiblər.
Siyasətçilər müraciətdə jurnalistin həyat yoldaşının “həyati risk daşıyan” ağır xəstəliklə üz-üzə olduğunu, buna görə də onun həyat yoldaşına dəstək olmaq üçün azadlıqda olmasının zəruriliyini qeyd ediblər.
“Dəfələrlə bəyan etdiyinizə görə, ölkədə nəyin, nə zaman baş verməsini siz müəyyən edir, qərarı da siz verirsiz. Barəmizdə məhkəmə hökmü olmadan, istintaq orqanlarınızın hələ “sübuta” yetirmədiyi halda belə, bir neçə dəfə ictimai açıqlamalarınızla artıq sübuta yetirilmiş cinayət əməli kimi təqdim edərək bizə qarşı aparılan təqibin arxasında durduğunuzu gizlətməmisiniz. Beləliklə, sizin iradənizlə bu təqiblərlə üzləşdiyimiz nəinki bizə, bütün ölkə və dünya ictimaiyyətinə bəllidir. Nəticədə bizə qarşı edilənlər nə and içdiyiniz İslam dininin müqəddəs kitabı Qurani-Kərimə, nə ölkə Konstitusiyasına, nə də sivil dünyanın siyasi-hüquqi əxlaqına uyğundur”, - A.Qurbanov və R.İzzətli prezidentə xitabən bildiriblər.
Onlar əlavə ediblər ki, üzləşdikləri “haqsız təqiblər” ailə üzvləri və yaxınlarına da təsir edir, lakin buna baxmayaraq onlar Əliyevin “qurduğu Tək Adam rejiminə itaət edəsi deyillər”.
“İdarəetmə rejiminizin qaba, özbaşına və maddi gücünə qarşı yalnız dinc və sivil metodlara, hüquqa və mənəvi gücümüzə, daşıdığımız respublikaçı ideallara söykənərək mübarizəmizi davam etdirmək əzmindəyik”, - deyə vurğulayıblar.
Siyasətçilər ardınca Ş.Ağanın həyat yoldaşının baş beynində şiş xəstəliyinə dair təsdiqlənmiş tibbi diaqnozun onun təcili əməliyyat olunmasına təxirəsalınmaz zərurət yaratdığını xəbər veriblər.
“Təəssüf ki, əməliyyat həyati risk daşıyır, nəticələri barədə həkimlər aydın diaqnoz verə bilmir, yüksək risk daşıdığını ifadə edirlər. Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlı övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçılmaz zərurət yaradır”, - onlar əlavə edib.
A.Qurbanov və R.İzzətli “Meydan TV işi” üzrə ibtidai istintaqın başa çatdığını xatırladıblar və buna görə də Ş.Ağanın həbsdə qalmasına ehtiyac olmadığını bildiriblər.
“Cənab Əliyev, yuxarıda da qeyd etdiyimiz kimi kobud gerçəklik budur ki, ölkədə əsas qərarı verən şəxs sizsiniz. Sizin iradəniz olmadan heç bir istintaq və məhkəmə orqanları ictimai-siyasi şəxslərin həbsdən azad edilməsi barədə təşəbbüs belə edə bilməz. Ailə dəyərlərinin siyasətinizin əsas prinsiplərindən biri olduğunu mütəmadi qeyd etdiyinizi nəzərə alsaq, Şəmşad Ağanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə göstəriş verməyiniz yerinə düşər. Onun ev həbsinə, polis nəzarətinə buraxılması üçün prosessual maneə yoxdur. Artıq “Meydan TV işi” üzrə ibtidai istintaq da bitib. Bundan sonra Şəmşad Ağanın nə işə təsiri, nə də ölkədən qaçmaq kimi formal səbəblər də mövcud deyil. Ona görə də Şəmşad Ağanın bu çətin anda təcili olaraq ailəsinin başında olub, həyat yoldaşının müalicəsilə məşğul olmasına, uşaqlarına valideyn qayğısını həyata keçirə bilməsinə imkanın yaradılması yalnız sizin əlinizdədir”, - onlar qeyd ediblər.
“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bu ilin fevralında “Meydan TV işi” üzrə həbs olunub.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.
Sonradan müxtəlif vaxtlarda Ş.Ağadan başqa jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər