Böyük Britaniya Azərbaycana və Ermənistana silah embarqosunu ləğv edib
Tarix: Dünən, 20:41
Böyük Britaniya Ermənistan və Azərbaycan üzərindəki silah embarqosunu ləğv edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin bəyanatı yayımlanıb.
Britaniya hökuməti silah embarqosunun ləğvinə əsas səbəb kimi Bakı ilə Yerevan arasında sülh prosesində mühüm irəliləyişləri göstərib. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammit keçirilib, birgə bəyanat qəbul olunub. Bəyanatda ATƏT Minsk qrupunun ləğvi və Azərbaycanın Naxçıvan eksklavına maneəsiz əlaqəsinin təmin olunması, eyni zamanda Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması öhdəlikləri yer alıb. İki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar.
ATƏT-in 1992-ci ildə Dağlıq Qarabağda döyüşən qüvvələrə silah və sursatların çatdırılmasını qadağan etmişdi. Böyük Britaniya hökuməti bu embarqonun əsaslandırılmasının qüvvəsini itirdiyini bildirərək onu ləğv edir.
Amma o da qeyd olunur ki, Ermənistan və Azərbaycan üçün ixrac və ticarət lisenziyaları müraciətləri fərdi əsaslarla, Böyük Britaniyanın Strateji İxracı Lisenziyalaşdırma Meyarlarına uyğun qiymətləndiriləcək. Hər hansı lisenziya təhlükəsizlik kriteriyalarına zidd olsa, verilməyəcək. Həmçinin, Böyük Britaniya hər iki ölkənin regional və daxili təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə davam edəcək.
ABŞ hökuməti də 8 avqust bəyannaməsinə uyğun olaraq Azərbaycana birbaşa hökumət yardımını qadağan edən "907-ci düzəliş"in icrasını dayandırıb. Bu düzəlişi əslində Konqres ləğv etməlidir, amma Co Bayden administrasiyasından öncəki hökumətlər də onu tətbiq etmirdilər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər