Avropa Məhkəməsindən Xədicə İsmayılla bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: Dünən, 20:53


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə məhkum edilməsinə dair şikayəti üzrə qərarını elan edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə oktyabrın 14-də vəkil Fariz Namazlı məlumat yayıb.

Vəkil xatırladıb ki, 2014-cü ildə Elman Həsənov (Bayraqdar) X.İsmayılın həmin maddə ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında şikayət vermişdi.

Elman Həsənov jurnalistin öz “Facebook” hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edirdi.

Binəqədi Rayon Məhkəməsi jurnalisti 2500 manat cərimələyib, sübut kimi isə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən təqdim edilmiş məktubu əsas götürmüşdü.

Jurnalist isə ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirirdi.

“AİHM qərarında bildirib ki, həmin məktub İsmayılın məhkumluğu üçün həlledici əhəmiyyət daşıyıb. Buna baxmayaraq, jurnalist və onun müdafiəçiləri – mərhum Elton Quliyev, eləcə də vəkillər Yalçın İmanov və digər müdafiəçilərin şahidin (MTN əməkdaşının) dindirilməsi barədə dəfələrlə qaldırdığı vəsatətlər təmin edilməyib”,- Namazlı qeyd edib.

Məhkəmə hesab edib ki, şahidin dindirilməməsi üçün əsaslı səbəb göstərilməyib və bu, müdafiə tərəfinin hüquqlarını ciddi şəkildə pozub.

Nəticədə AİHM Konvensiyanın 6.1, və 6.3(d) maddələrinin (ədalətli məhkəmə araşdırması və şahidləri dindirmək hüququ) pozulduğunu tanıyıb.

Bununla da hakimiyyət jurnalistə mənəvi zərərə görə 3600 avro, məhkəmə xərclərinə görə isə 1500 avro ödəməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz