Əfqan Sadıqov Gürcüstanda 270 min lari cərimələnib
Tarix: Bu gün, 13:45
Gürcüstanda yaşayan, 14 günlük inzibati qaydada həbs olunan azərbaycanlı jurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib.
Civilazerbaijan.com bildirir ki, bu barədə jurnalistin vəkili Ayhan Həsənli oktyabrın 27-də məlumat yayıb.
O bildirib ki, Marneuli təcridxanasında Əfqan Sadıqovla görüşüb və jurnalist artıq məhkəmə qərarını alıb. Vəkilin sözlərinə görə, Sadıqov yolu bağladığı üçün 54 dəfə, ümumilikdə 270 min lari (hər hal üçün 5 min lari) məbləğində cərimə olunub.
Əfqan Sadıqovun həyat yoldaşı da vəkilin məlumatını təsdiqləyərək bildirib ki, jurnalist ailəsi ilə əlaqə yarada bilmir. Onun sözlərinə görə, təcridxana rəhbərliyi bunu Fransaya telefon zənginin mümkün olmaması ilə əsaslandırıb.
Sadıqovan əlavə edib ki, Gürcüstan nömrəsi mövcuddur və buna baxmayaraq, əlaqənin məhdudlaşdırılması qanunsuz və əsassızdır.
Hazırda Marneuli təcridxanasında saxlanılan Əfqan Sadıqov oktyabrın 23-də Tbilisi Şəhər Məhkəməsinin qərarı iləə inzibati həbsdə mıəhkum edilib.
O, “qanunsuz olaraq yol bağlamaqda” ittiham olunur.
Məhkəmədə çıxış edən Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis tərəfindən onun və digər iştirakçıların yolu boşaltması əmr olunsa da, onlar əmrə riayət etməyib.
Prosesdə iştirak edən Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib:
“Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. Mən hər zaman gürcülər arasında diktatura çağırışları edən İvanişviliyə qarşı çıxacağam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı.”
O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib:
“Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm. Siyasi sifarişlərin və diktaturanın tərəfdarı olmayın...”
"Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il də avqustun 3-də Tbilisidə həbs edilib.
Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.
Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.
Lakin fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.
Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist aprelin 16-da azadlığa buraxılıb, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər















