Baş Prokurorluq Elton Məmmədova xəbərdarlıq edib

Xəbərin çap versiyası
Tarix: Dünən, 21:53


Baş Prokurorluq keçmiş deputat, Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin keçmiş müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Elton Məmmədova rəsmi xəbərdarlıq edib.

Civilazerbaijan.com
bildirir ki, qurumun yaydığı məlumatda bildirilir ki, Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Açıqlamaya görə, bununla yanaşı, mediada “həqiqətəuyğun olmayan, cəmiyyətdə çaşqınlıq yaradan” açıqlamalar yaydığına görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq verilib.

Bəzi saytlarda Elton Məmmədova istinadla AMEA ilə bağlı cinayət işinə aid fikirlər yayılmışdı.

“İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər… Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın”, – E.Məmmədovun belə dediyi iddia edilirdi.

Elton Məmmədovun adı daha öncə bir sıra mübahisəli məsələlərdə hallanıb. Bir neçə il öncə AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev (keçmiş hakim) Elton Məmmədovun onu “cinayətkar” adlandırdığını bildirərək onun həbsini istəyirdi. Amma həmin iddianı məhkəmə qəbul etməmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz