Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər həbs olunub

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:33


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti noyabrın 3-də məlumat yayıb.

Məlumatda bildirilir ki, N.Muradovdan başqa icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İcra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli və İsa Şəmsəliyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluq iddia edir ki, N.Muradov digər şəxslərlə iş birliyinə girərək Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz