Vəfa Nağı atasına hücum olunduğunu deyir

Xəbərin çap versiyası
Tarix: Dünən, 18:02


İctimai fəal Vəfa Nağı 74 yaşlı atasına hücum olunduğunu deyir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə noyabrın 2-də "Facebook" səhifəsində xəbər verən fəal qeyd edib ki, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində baş verib.

"Yemək yediyi yerdə bir nəfər onun üzərinə şığıyıb, başına vurub, üzünü cırıb, mənim adıma nalayiq söyüşlər söyüb. Atamı döyməsinin səbəbi də mən imişəm. İndi özünü çox pis hiss edir, başında çox pis ağrılar var, nəfəs ala bilmir, halı pisləşib. Burdan aidiyyatı qurumlara səslənirəm: atama hücum edən hər kimdirsə onun cəzalandırılmasını tələb edirəm!", - o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev V.Nağının paylaşımına şərh olaraq hadisənin araşdırıldığını bildirib.

V.Nağı iddia edir ki, atasına hücum edən şəxs Əyyar Əzizov adlı kənd sakinidie. Onun sözlərinə görə, Ə.Əzizov hücumu qisas zəminində həyata keçirib.

"Əyyar Əzizov 2020-ci ildə kəndimizdə bir qızı odlu silahla hədələyərək saçından tutub aparmış, onun paltarını soyunduraraq fotolarını çəkib kəndin gənclərinə göndərmişdi. O zaman bu hadisəni ictimailəşdirdiyim üçün bu gün ailəmdən qisas alır. O, “pullu adam” olduğu üçün həmin ağır cinayətə görə cəmi üç il cəza almış və azadlığa buraxılmışdı. Bu gün onun mənim atama hücumu və söyüşlərlə məni hədəf alması, zorakılığın və cəzasızlığın davam etdiyini göstərir", - o vurğulayıb.

V.Nağı hadisədən sonra evlərinə polis əməkdaşlarının gəldiyini və atasından izahat alındığını bildirib.

Hazırda Almaniyada doktorantura təhsili alan V.Nağı 2019-cu ildə Xolqaraqaşlı kəndində bələdiyyə üzvü seçilib.

O, ötən il sentyabrın 1-də keçirilən parlament seçkilərində də Neftçaladan namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyası onun əsas rəqibi Tənzilə Rüstəmxanlını qalib elan etsə də, V.Nağı rəqibinin saxtakarlıq yoluyla qalib elan edildiyini iddia edir, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz