Ermənilər Qarabağa iddia irəli sürəndə, azərbaycanlılar da Yerevandan danışacaq - PAŞİNYAN

Xəbərin çap versiyası
Tarix: 5-11-2025, 21:36


Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin ən son çıxışında Ermənistanla bağlı iddialarına cavab verib.

Civilazerbaijan.com
bildirir ki, İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında demişdi ki, hazırkı Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır və azərbaycanlıların bu torpaqlara qayıtması Ermənistan dövlətini və cəmiyyətini qorxutmamalıdır.

O, həmçinin, çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olduğunu iddia edib.

Noyabrın 4-də Yerevanda beynəlxalq sülh konfransında çıxış edən Paşinyana jurnalistlərdən biri Əliyevin açıqlaması ilə bağlı sual verib. O isə jurnalistin sualına birbaşa cavab verməkdə tərəddüd edib və deyib ki, bunun üçün o, Azərbaycan prezidentinin "dəqiq nə dediyini müəyyən etməli" olacaq.

Lakin o, çar dövrü xəritələrində rus mənşəli şəhər adlarının da olduğunu qeyd edib.

“Əgər çar dövrünə aid xəritələrə baxsaq… Mən artıq Kirovabad və Kirovakanı qeyd etmişəm, amma Yelizavetpol və Aleksandropoldan danışmamışam. Başqa sözlə, biz bir seçim etməli olarıq”, - Paşinyan bildirib.

Baş nazir iki ölkədə ərazi iddialarının qarşılıqlı olduğunu deyib.

"Ermənilər Qarabağ və Gəncəyə iddia irəli sürəndə, azərbaycanlılar da Yerevan və Sevandan danışacaq. 30 illik sosial və psixoloji reallığı sadəcə bir düyməni basmaqla və ya əyləci sıxmaqla dayandırmaq mümkün deyil. Bu məntiq vaxtaşırı həm Azərbaycanda, həm də Ermənistanda mediada, ictimai və ekspert dairələrində, hətta ölkələrimizin rəhbərlik səviyyəsində də ifadə olunur. Biz bu fenomenlə məşğul olmaq üçün doğru formulaları tapmalıyıq", - o qeyd edib.

Baş nazir tarixə diqqətlə yanaşmağın vacibliyini vurğulayıb:

“Əgər yunanlar Böyük İskəndəri, italyanlar da Roma imperiyasını yada salmağa başlasalar, onda hamımız hara gedib çıxarıq? Biz o tarixi oxumuşuq və mənim fikrimcə, artıq yeni bir tarix yaratmışıq. Hətta iki il də artıq tarixdir. Biz keçmişi gələcəkdən ayırmağı bacarmalıyıq", - Paşinyan bildirib.

O, Bakının azərbaycanlıların Ermənistana qayıtması təşəbbüsünü isə yalnız bir sözlə - "təhlükəli" adlandıraraq təsvir edib.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz