Akif Qurbanov: Ramiz Mehdiyev özünün qazdığı quyuya düşdü
Tarix: 7-11-2025, 22:26
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov Prezident Administrasiyasına keçmiş rəhbəri Ramiz Mehdiyevə açılan cinayət işi barəsində yazıb.
Civilazerbaijan.com Akif Qurbanovun “Facebook” səhifəsində yazılan yazını olduğu kimi təqdim edir:
“3 həftədir ki, bütün yerli kanallarda Ramiz Mehdiyevlə bağlı materiallar verilir. Amma dövlətə xəyanətlə bağlı hələ ki ortada sözdən başqa bir şey yoxdur, tutarlı dəlil-sübutlar səsləndirilməyib. Hüquqa itaət edən biri olaraq mən təqsirsizlik prezumpsiyası prinsipini (təqsiri sübuta yetirilməyən hər kəsin günahsızlığını) əsas götürürəm. Bu prinsip Ramiz Mehdiyev də daxil, hər kəs üçün keçərli olmalıdır. Onun günahını istintaq sübuta yetirməlidir, mirzələr yox.
Mən bilmirəm, Mehdiyev həqiqətən də hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb, ya yox. Amma bunu əminliklə deyə bilərəm ki, Prezident Administrasiyasının rəhbəri olduğu dövrdəki hərəkətlərinə və hərəkətsizliklərinə görə onu həm şahid, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs kimi istintaqa cəlb etmək nəinki mümkündür, hətta vacibdir.
Gəlin bu əməlləri yada salaq:
1. 2003-cü ilin avqust ayında Heydər Əliyevin səhhəti barədə məlumatlar cəmiyyətdən gizlədilirdi, iş qabiliyyətini itirdiyinə dair ciddi şübhələr vardı. İlham Əliyevin həmin günlərdə Baş nazir təyin olunması əməliyyatına (legitimliyi sual altında olan prosesə) məhz Ramiz Mehdiyev rəhbəlik edib.
2. Daha bir bilinən fakt budur ki, 2003-cü il prezident seçkilərində hakimiyyəti zorla əldə saxlamaq üçün seçkiləri saxtalaşdırıldı, silahlı qüvvələrdən xalqa qarşı istifadə olundu. Onda İlham Əliyevin bu yolla prezident kreslosuna oturdulması prosesinə də Ramiz Mehdiyev rəhbərlik edib.
3. Prezident Administrasiyasının rəhbəri olduğu illərdə bütün seçkilərin və referendumların keçirilməsi prosesi ona həvalə olunub. Deməli, nəticələrin saxdalaşdırılmasında da ən yüksək səviyyədə iştirak edib.
4. Ramiz Mehdiyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya da rəhbərlik edib, həm də uzun müddət. Deməli, ölkənin korrupsiya bataqlığına çevrilməsində onun da rolu var. Həm də ən yüksək səviyyədə.
5. Ölkədə təhsilin bərbad vəziyyətə salınmasında da onun əli var, çünki uzun müddət Təhsil üzrə Komissiyaya da rəhbərlik edib.
6. İnsan haqlarının pozulması, azadlıqların boğulması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəmələrə göstəriş verənlərdən biri olduğu da bilinən faktdır.
7. Ölkənin demokratikləşməsinə, Qərbə inteqrasiyasına, hüququn üstünlüyünə və respublikaçılıq prinsiplərinə qarşı mübarizəyə ideoloji rəhbəlik etməsi də hər kəsə məlumdur.
Yəni Ramiz Mehdiyev ölkədə avtoritarizmin qurulması və möhkəmlənməsi üçün əlindən gələn hər şeyi edib. Əliyevlər ailəsinə sədəqətlə xidmət edib.
Taleyin ironiyasına bax ki, özünün qazdığı quyuya sonda özü də düşdü.
Belə “ifşalar” Ramiz Mehdiyevdən əvvəl də olmuşdu, ondan sonra da olacaq. Yəqin, Əli İnsanov, Fərhad Əliyev və Eldar Mahmudovla bağlı işləri xatırlayırsınız. Sistemin xisləti budur. Atalarımız demiş, “Qozbeli qəbir düzəldər”.
Ramiz Mehdiyevin bəzi ailə üzvlərinin də yüksək vəzifə və böyük sərvət sahibi olduqları çoxdan bilinirdi. Ötən illərdə müstəqil jurnalistlər bu haqda araşdırmalar dərc edəndə onları xarici ölkələrin sifarişilə yazmaqda ittiham edirdilər. İndi hakimiyyət mediası da tirajlamağa başlayıb.
Səbəbi çox sadədir. Hamı “tək adam” və onun ailəsi üçün işləyir. Sistemdən çıxarılanların resursları toplanmalıdır. Çünki həm ölkənin gəlirləri azalır, həm də “vurulanların” sərvəti gələcəkdə hakimiyyət üçün təhlükəyə çevrilə bilər. Amma Stalinin “varisləri” onun metodlarını tətbiq edib günahsız qohumları da cəzalandırırlar.
Məşhur bir deyim var – “İnqilab sonda öz balalarını yeyir”. İrtica üçünsə belə demək olar: Avtoritarizm zaman-zaman öz dirəklərini dəyişməyə məhkumdur.
Hakimiyyətə vəzifə və sərvət üçün xidmət edən hər kəs bilməlidir ki, bu sistemdə heç kimə təminat yoxdur. Dərs çıxarmaq lazımdır.
Belə görünür ki, “Ramiz Mehdiyev işi”nə müxalifət partiyalarını da daxil etməyi planlaşdırırlar. Müstəqil medianı ölkədən didərgin salıblar, QHT-ləri “zərərsizləşdiriblər”, yeni təşəbbüsləri boğublar. Təkcə siyasi partiyalar qalıb. İndi də onları sıradan çıxarmaq istəyirlər – marginallaşsalar da, mövcudluqlarını qoruyub saxlamış AXCP və Musavatı.
Bizə hücumlar da belə başlamışdı. Əvvəlcə barəmizdə yazdırdılar, sonra “iş” düzüb-qoşdular. Yəqin, yenə siyasi həbslər olacaq. Təbii ki, məqsədləri həm də cəmiyyətdə xofu artırmaq, nəzərəti gücləndirməkdir.
Bütün bunların hamısı “baş planı” – hakimiyyətin davamlılığını, yəni varisliyi təmin etmək üçündür”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər















