Artsvaşeni geri almalıyıq - NİKOL PAŞİNYAN

Xəbərin çap versiyası
Tarix: 8-11-2025, 14:23


Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi SSRİ dövründə Azərbaycan daxilində erməni anklavı olan Başkəndi geri almalıdır.

Civilazerbaijan.com
bildirir ki, o, noyabrın 8-də "Facebook" səhifəsində bir cümlə ilə qeyd edib:

"Sərhədlərin delimitasiyası nəticəsində biz Artsvaşen [Başkənd - red.] və Ermənistan Respublikasının digər işğal olunmuş suveren ərazilərini geri qaytarmalıyıq."

Baş nazir Başkənddən başqa hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Amma Ermənistan rəsmiləri dəfələrlə iddia edib ki, Azərbaycan ordusu 2021-ci ilin mayında ölkənin cənubunda sərhədi keçərək Ermənistan ərazisində 3 kilometr irəliləyib.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılıq etdiyi komissiyalar tərəfindən aparılır. Komissiyalar sonuncu dəfə sentyabrın 5-də sərhəddə bir araya gəliblər.

Dövlət sərhədinin delimitasiyası üçün dövlət komissiyaları 2022-ci ildə yaradılıb. Əvvəlcə komissiyalar arasında vasitəçilik Moskva və Brüssel tərəfindən aparılsa da, sonradan komissiyalar vasitəçisiz görüşməyə başlayıblar.

Ermənistan SSR-in Azərbaycan daxilində Gədəbəy rayonunda yerləşən Başkənd adlı bir anklav kəndi olub.

Azərbaycan SSR-in isə Ermənistan daxilində 4 anklavı olub. Bunlar Qazax rayonuna tabe Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvana tabe Kərki kəndləridir.

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bu kəndlərin sərhədin delimitasiyası nəticəsində qaytarılacağını bildirib, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz