Azərbaycan Zəfər Gününü qeyd edir

Xəbərin çap versiyası
Tarix: 8-11-2025, 14:46


Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin beşinci ildönümü - Zəfər Günü qeyd olunur.

Civilazerbaijan.com
bildirir ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı.

44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilib.

Beləliklə, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu., Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa razılaşdı.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz