İqbal Əbilovun həbsxanadan ictimaiyyətə MƏKTUBU

Xəbərin çap versiyası
Tarix: 10-11-2025, 15:33


Həbsdə olan elmi tədqiqatçı İqbal Əbilov həbsxanadan ictimaiyyətə məktub göndərib. Məktub İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi tərəfindən ictimailəşdirilib.

Civilazerbaijan.com
“Toplum TV”-yə istinadla həmin məktubu təqdim edir:

“Mən Azərbaycandan gedəndə hələ 8 yaşım tamam olmamışdı. Keçən ilin yayına qədər Azərbaycana gəlişlərimin hamısını üst-üstə qoysaq, bir il belə olmaz. İndi o vaxtdan bu yana ilk dəfədir ki, mən bir ildən çoxdur Azərbaycandayam. Zindanda.

Amma mən özümü azad hiss edirəm - hər sabah oyananda, hər gecə yuxuya gedəndə, hər dəfə müstəntiqlərin, prokurorların, hakimlərin qarşısına çıxanda. Çünki insan özünə azad düşünməyə icazə verdiyi vaxta qədər azaddır. Öz ürəyində, evdə, universitetdə, zindanda, küçədə insan öz azadlığını öz vicdanı qarşısında təsdiq edir.

Kimsə düşünə bilər ki, mövcud şəraitdə mənim bu fikrim zindana aparan yol idi. Amma mənim üçün o, həmişə azadlıq yolu olub. Azadlığın və elmi obyektivliyin yeganə mümkün olan yolu.

Həbs olunduqdan sonra gözlərimlə gördüm ki, Canni Rodarinin qəhrəmanı Çipollinonun atası Çipollone düz deyirmiş: zindanlarda neçə-neçə qeyrətli insanlar oturur! Məndən 30 gün sonra pasifist fikirlərinə görə Bəhruz Səmədov tutuldu. Sonra öz hüquq müdafiəsi fəaliyyətinə görə Rüfət Səfərov həbs edildi.

Bir az sonra öz və digər siyasi dustaqların məhkəmə iclaslarında gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayevanın həbs olunduqlarının xəbərini eşitdim. Ötən bir il ərzində onların müstəqil mediadakı həmkarları zindana salındılar: Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də tutuldu.

Öz uzunmüddətli ictimai, siyasi və jurnalist fəaliyyətlərinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və “Abzas Media”dakı həmkarları bu gün həbsxanalardadır. Ellias Kanettinin sözlərini bir qədər fərqli ifadə etsək - zindan bir təhdid olaraq iqtidarın xırda puludur. Siyasi məhbusların hamısı bu qanunsuzluğun “corpus delicti”sidir.

Buradan onların hər birinə, onların yaxınlarına öz dəstəyimi göndərirəm. Onlara və mənə dəstək olan hər kəsə, bütün fəallara, ölkədaxili və beynəlxalq təşkilatların hamısına bir-bir minnətdarlığımı bildirirəm. Xüsusi təşəkkürümü ailəmə, dostlarıma, yaxınlarıma, vəkillərim Rövşanə Rəhimova və Fariz Namazlıya, həmçinin hüquqlarımı müdafiə edən komitənin sədri Hilal Məmmədova və bütün üzvlərinə çatdırıram.

Siyasi məhbusların düşüncələri bir-birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin öz fikrini azad ifadə etmək haqqı var. Çünki azadlıq bir-birinə nifrətlə deyil, sadəcə öz haqlarını düşünməklə deyil, qətiyyətlə bir-birinin haqlarını dəstəkləməklə gəlir.”

Qeyd edək ki, İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

İttihama görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. Əbilova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT məruzəçiləri, İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz