Azərbaycandan uçan Türkiyə hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb
Tarix: 11-11-2025, 17:36
Noyabrın 11-də Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
“Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, – məlumatda deyilir.
Gürcüstan Daxili İşlər Nazirliyi təyyarə qəzasını təsdiqləyib. Məlumata əsasən, Türkiyənin yük təyyarəsi noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində qəzaya uğrayıb. Qurumdan araşdırma aparıldığını bildirirlər. Hələlik itkilər barədə məlumat yoxdur.
Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.
İlham Əliyev artıq Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Qəzaya uğrayan təyyarənin xüsusiyyətləri:
"Lockheed C-130 Hercules" ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən dizayn edilən və istehsal olunan, dörd turboprop mühərriklə təchiz edilmiş hərbi nəqliyyat təyyarələridir. Təyyarə, hazırlanmamış və ya yarı hazır hava limanlarına enib qalxa bilmək üçün nəzərdə tutulub və hərbi yük daşıma, əsgər nəqli və təxliyyə funksiyalarına malikdir. 1954-cü ildən bəri 2500-dən çox istehsal edilmiş bu təyyarələr ABŞ, Kanada, Avstraliya daxil olmaqla 60-dan çox ölkədə aktiv istifadə olunur. 74 əsgər daşımaq üçün tam təchizatlı olan bu təyyarələri Türk Hərbi Hava Qüvvələri 1963-cü ildən istifadə edir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












