Azər Qasımlının məhkəməsində mübahisə düşüb

Xəbərin çap versiyası
Tarix: Dünən, 21:10


Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Civilazerbaijan.com
bildirir ki, prosesdə əvvəlcə müdafiə tərəfinin tələbilə Siyasi Menecment İnstitutunun əməkdaşı olmuş Nəriman İsmayıl şahid qismində dindirilib.

Prosesdə zərəçəkən kimi tanınan, A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifov da məhkəmədə iştirak edib.

N.İsmayıl məhkəmədə ifadəsində vaxtilə Q.Yusifovun A.Qasımlıya borc qaytaracağı haqda qəbzi imzalayan zaman ofisdə olduğunu, lakin məsələnin mahiyyətindən xəbərdar olmadığını bildirib.

Müdafiə tərəfi xatırladıb ki, Q.Yusifov həm istintaq, həm məhkəmədə ifadələrində A.Qasımlının ona qəbzi hədə-qorxu ilə imzalatdığını, o vaxt hadisə yerində başqa heç kimin olmadığını iddia edib. Q.Yusifov da N.İsmayılın həmin gün ofisdə olduğunu inkar etməyib, hətta qəbz imzalayandan sonra onunla birlikdə nahar etməyə getdiyini deyib.

N.İsmayıl ifadəsində əlavə edib ki, həmin vaxt Q.Yusifova qarşı pis rəftar olmayıb.

Daha sonra Q.Yusifovun dostu Fikrət Məmmədov dindirilib. Onun sözlərinə görə, Q.Yusifov ona A.Qasımlıya borcu olduğunu və siyasətçinin buna görə onu təhdid etdiyini deyib. Bu zaman A.Qasımlının vəkili Rövşanə Rəhimli xatırladıb ki, şahid ibtidai istintaqda ifadəsində təhdidlə bağlı heç nə deməyib. F.Məmmədov vəkilin bu barədə sualına cavab verə bilməyib.

F.Məmmədov ifadəsində hədə-qorxu ilə bağlı yalnız Q.Yusifovdan eşitdiyini deyib. Bu zaman Q.Yusifov müdaxilə edərək dostuna etiraz edib. "Xəbərin yox idisə, mənə niyə vəkil tutmusan?", - o deyib. Bu vaxt Q.Yusifovun vəkili də ona acıqlanıb və "bu sualın yeri" olmadığını deyib.

Növbəti məhkəmə prosesi noyabrın 19-u saat 17.00-a təyin olunub.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur. Siyasətçi ittihamı rədd edir, ictimai-siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.

Samirə Qasımlı daha öncə "Toplum TV"-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.

"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib.

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz