Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb

Xəbərin çap versiyası
Tarix: 14-11-2025, 21:53


ABŞ-də yaşayan jurnalist Sevinc Osmanqızı (Mirzəyeva) Azərbaycan Baş Prokurorluğuna çağırılıb.


Civilazerbaijan.com
bildirir ki, Baş Prokurorluğun bu barədə müraciəti noyabrın 13-də İTV-də yayımlanıb. Müraciətdə bildirilir ki, Sevinc Osmanqızı noyabrın 20-si saat 16:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

Baş Prokurorluğun məlumatına görə, S. Osmanqızı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar) ilə təqsirləndirilir. Qurumun açıqlamasında qeyd olunur: “O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib”.

Sentyabrın 18-də isə jurnalistə Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar) də ittiham irəli sürülüb.

Baş Prokurorluq iddia edir ki, S. Osmanqızı öz “YouTube” kanalında 2019 və 2020-ci illərdəki çıxışlarında Azərbaycanda “insanların iradəsinə təsir edərək hakimiyyətin qanunsuz və zor tətbiqi yolu ilə ələ keçirilməsinə” təşviq edib.

Eyni iş üzrə xaricdə yaşayan ictimai fəal Abid Qafarov da istintaqa çağırılıb. Baş Prokurorluğun məlumatına görə, o, noyabrın 20-si saat 12:00-da İstintaq Baş İdarəsinə gəlməlidir. A. Qafarov da S. Osmanqızının verilişində çıxışlarına görə eyni maddələrlə təqsirləndirilir.

Bundan başqa, Baş Prokurorluq eyni müraciətdə xaricdə yaşayan Beydulla Manafovun da istintaqa çağırıldığını açıqlayıb. O, Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə yanaşı, 283.1-ci maddə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salınması) ilə də ittiham olunur.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir sıra blogerləri oxşar ittihamlarla istintaqa çağırıb və onların barəsində qiyabi həbs qərarları verib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz