Mənim silahım daha uzaqvurandır - HAFİZ BABALI

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:46


Həbsdə olan jurnalist Hafiz Babalının "Qafqazinfo" və "Baku TV" media qurumlarına qarşı məhkəmə iddiaları davam edir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə jurnalist "Facebook" səhifəsində dərc olunan ictimaiyyətə müraciətində bildirib.

Onun sözlərinə görə, iki ilə yaxındır sözügedən media orqanlarını haqqında böhtan xarakterli yazılar yazmağa görə məhkəməyə versə də, yerli məhkəmələr hələ də onun şikayətini təmin etmir.

"Düzdür, məhkəmə iclasında şəxsən iştirak hüququm təmin edilmir və hələ ki, mülki iddia ərizələrim, apellyasiya və kassasiya şikayətlərim rədd olunur, lakin özümü mənəvi tərəfdən qalib durumda hiss edirəm: məhkəmələr siyasi sifarişə boyun əyməli, dövlət adından qanunsuz və ədalətsiz qərar çıxarmalı olurlar. Mənim silahım isə daha uzaqvurandır - qanun və həqiqət", - o qeyd edib.

Jurnalist xəbər verib ki, bu yaxınlarda “Qafqazinfo"ya qarşı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti və “Baku TV"-yə qarşı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi təmin edilməyib. O, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia qaldırıb və özündən üzr istənilməsi, təkzib verilməsi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edib.

H.Babalı iddiaları Avropa İnsan Hüquqları Məhkəməsinə qədər qaldırmaqda israrlı olduğunu bildirib. O əlavə edib ki, sözügedən media qurumlarının rəhbər şəxslərini də məhkəməyə verməyə qərar verib.

"İndiyədək “Qafqazinfo.az" MMC-nin direktoru Seyfullayev Elbrus Ramin oğlunun və “Baku TV" MMC-nin direktoru Cəfərov Ramin Natiq oğlunun barəsində şikayət ərizələri müvafiq olaraq Nərimanov RM və Nəsimi RM-ə göndərilmək üçün həbsxana müdiriyyətinə təqdim olunub, lakin hələ ki ərizələrin poçt vasitəsilə çatdırılmasını təsdiq edən qəbzlər mənə verilməyib", - o vurğulayıb.

Jurnalist haqqında məqalələr dərc etmiş hökumətyönlü həmkarlarına mesaj da verib.

"Beləliklə, qələminə xəyanət etməyən, hazırda qanunsuz həbs olunaraq məhkum həyatı yaşamağa məcbur edilən mübariz jurnalisti öz cızmaqaraları ilə gözdən salmağa çalışan qələm dəllallarının, telekanalizasiya “prorab”larının isə gözünün içinə dik baxıb deyirəm: Mənə atdığınız o daşlar bumeranq kimi qayıdıb həm sizin, həm də “gizli” himayəçilərinizin başına dəyəcək."

Hafiz Babalı 2023-cü ilin dekabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz