Fövqəladə Hallar Nazirliyinin katibliyində nazirin adından DƏLƏDUZLUQ

Xəbərin çap versiyası
Tarix: 25-11-2025, 19:20


Fövqəladə Hallar Nazirliyi (FHN) Katibliyinin Əmr və qərarların icrasına nəzarət şöbəsinin baş zabiti, leytenant Ramil Eyvazov nazir Kəmaləddin Heydərovun adından yararlanaraq adamları aldatmaqda suçlanır.

Civilazerbaijan.com
bildirir ki, iddiaya görə, R.Eyvazov müxtəlif adamlara onların qohumlarını nazirliyin Yanğından Mühafizə Xidmətinin İsmayıllı, Beyləqan, Ağdam rayon şöbələrinə yanğınsöndürən vəzifəsinə düzəltməyə söz verib. Bu adla da hər işdən ötrü 11-12 min manat alıb.

İttihama görə, FHN-in Bakı Regional Mərkəzinə zabit vəzifəsinə düzəltməyin qiyməti isə 25 min manat olub.

Cinayət işinin materiallarında iddia olunur ki, R.Eyvazov zərərçəkmişlərlə söhbətlərində FHN vəzifəli şəxslərinin adından yararlanıb və alınan pulun onlara çatacağını söyləyib. Buna da söz verib ki, işə qəbul olunan adamı öncə nazirin vətəndaşlarla qəbuluna saldıracaq, eləcə də idman imtahandan və tibbi komissiyadan keçməyə kömək edəcək. İşə girmək istəyən hər adama görə alınan pulun 500 manatı idman imtahanı, 150 manatı imtahan rüsumu, 200 manatı da "sənədləşmə haqqı" kimi hesablanıb.

FHN Katibliyinin sabiq baş zabitinə qarşı cinayət işində iki nəfər zərərçəkən qismində tanınıb. İddiaya görə, həmin adamlar işə düzəlmək istəyən həmkəndlilərindən, qohumlarından pul alaraq FHN əməkdaşına veriblər ki, onları işə düzəltsin. Zərərçəkmişlərin sözlərinə görə, R.Eyvzovun nazirlikdə çalışmasına güvənərək bu işə qol qoyublar. Zərərçəkənlərdən biri hətta öz oğlunun da işə düzəlməsindən ötrü pul verib.

Özünü qismən təqsirli sayan R.Eyvazov adamlardan işə düzəltmək adıyla pul aldığını təsdiqləyir, amma ittihamda göstərilən məbləğlərlə razılaşmır. Belə bir addım atmasının səbəbini isə anasının xəstəliyi və bu üzdən pula ehtiyac duymasıyla izah edir.

Öncə ev dustaqlığında olan FHN zabiti daha sonra həbs olunub. Bu ilin iyulunda Bakı Hərbi Məhkəməsinin hökmüylə ona 5 il həbs cəzası kəsilsə də, bugünlərdə apellyasiya məhkəməsi onun azadlığa buraxılmasına qərar verib.

R.Eyvazov həbsindən sonra atasının zərərçəkmişlərə dəymiş ziyanı tam ödədiyini bildirib. Zərərçəkənlər də bunu təsdiqləyərək məhkəməyə ərizə verib, şikayət və tələblərinin olmadığını vurğulayıblar, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz