Avropa Məhkəməsi Azərbaycan hökumətini “Azadlıq” qəzetinə görə cərimələyib

Xəbərin çap versiyası
Tarix: 25-11-2025, 19:32


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Azadlıq” qəzetinin şikayəti üzrə qərarını açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, qərar Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovun 2012-ci ildə qəzetə qarşı verdiyi iddia ilə bağlıdır. Həmin vaxt “Azadlıq” qəzetində dərc olunan “Tağı Əhmədov 5 qəpiyi mənimsədi” başlıqlı məqalədə metroda gedişhaqqının artırılmasından sonra sərnişinlərin kartlarında qalıq 0,05 manatın itirildiyi iddia edilmişdi. Məqalədə Tağı Əhmədovun bu vəsaiti mənimsədiyi, yüz minlərlə vətəndaşın cibinə girdiği vurğulanmışdı.

Yerli məhkəmələr qəzetin Tağı Əhmədovun nüfuzuna zərər verdiyini əsas gətirərək təkzib vermək və 30 min 600 avro məbləğində təzminat ödəmək öhdəliyi qoymuşdu. Qəzet isə Avropa Konvensiyasının 10-cu maddəsinə istinadla bu qərarların qeyri-mütənasib olduğunu əsas gətirərək şikayət etmişdi.

AİHM qəzetin hüquqlarının pozulduğunu müəyyən edib və ona maddi ziyana görə 25 min avro, mənəvi ziyana görə 3 min avro və məhkəmə xərclərinə görə 1 500 avro ödənilməsini qərara alıb.

Məhkəmə bildirib ki, yerli məhkəmələr məqalədəki ifadələrin ictimai maraq doğuran tərəfini və ifadələrin fakt olub-olmaması ilə şəxsi qiymətləndirmə arasında fərqi düzgün araşdırmayıb.

Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninə rəhbərlik edib. 2015–2022-ci illərdə YAP Yasamal rayon şöbəsinə rəhbərlik edib. Ötən il vəfat edib.

“Azadlıq” qəzeti 2016-cı ildə maliyyə səbəblərinə görə çapını dayandırıb, 2017-ci ildən Azərbaycanda saytı bloklanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz