Yeni konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra keçiriləcək - PAŞİNYAN
Tarix: Dünən, 17:30
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, yeni konstitusiya üzrə referendum 2026-cı il parlament seçkilərindən sonra keçiriləcək.
Civilazerbaijan.com bildirir ki, onun iddiasına görə, yeni konstitusiya dövlətin uzunmüddətli sabitliyi üçün “zəruri aerodinamikanı” yaratmalı və ölkənin siyasi istiqamətini onilliklər üçün aydınlaşdırmalıdır.
“news. am” yazır ki, Yerevanda dövlət qurumlarının nümayəndələrinin ilk konfransında çıxış edən Paşinyan bildirib ki, yeni konstitusiyanın qəbulu islahata daha böyük legitimlik və geniş ictimai qəbul qazandıracaq.
“Siyasi qüvvələr seçki kampaniyası dövründə öz konstitusiya gündəmlərini seçicilərə təqdim edəcək, qalib gələn çoxluğun mövqeyi isə son layihənin formalaşmasında əsas rol oynayacaq. Konstitusiya dövlətin uzunmüddətli kursu üçün lazım olan aerodinamikanı təmin etməlidir”, - Paşinyan deyib.
Baş nazir iddia edib ki, hazırkı konstitusiya sistemi vətəndaşla dövlət arasında tarixi bir uzaqlaşma ilə xarakterizə olunur. Onun sözlərinə görə, xüsusən 1995-ci ildə və sonrakı illərdə keçirilən konstitusiya referendumları cəmiyyətə ölkənin hüquqi nizamının vətəndaşların azad iradəsindən qaynaqlandığını inandırmağa nail olmayıb. Paşinyan hesab edir ki, yeni konstitusiyanın qəbulu bu “daxili legitimliyi” bərpa etmək üçün zəruridir.
Paşinyan yenidən vurğulayıb ki, legitimlik Ermənistanın təhlükəsizliyinin vacib şərtidir və bu, müdafiə vasitələrinin əldə olunmasına da təsir göstərir. O xatırladıb ki, Ermənistanın xarici siyasətini postsovet respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlərini müəyyən edən 1991-ci il Almatı Bəyannaməsinə əsaslandırması ölkəyə əvvəllər əlçatan olmayan hərbi texnologiyalara çıxış imkanı yaradıb.
Baş nazir konstitusiya islahatlarını Ermənistan dövlətçiliyinin “davamlılığı” konsepsiyası ilə əlaqələndirib. O qeyd edib ki, dövlətçilik, kimlik və vətəndaşların “xoşbəxtliyi” hökumət siyasətinin qarşılıqlı bağlı hədəfləridir və dövlət institutlarının effektivliyi iqtisadi inkişafa xidmət etməlidir.
Ermənistanda müxalifəti yeni konstitusiyanın qəbuluna qarşı çıxır, seçiciləri onu rədd etməyə çağırırlar. Onlar Paşinyanın “dördüncü respublika” yaratmaq planlarını tənqid ediblər. “Müxalif Erməni Milli Konqresinin” nümayəndəsi Levon Zurabyan deyib ki, N.Paşinyanın ‘dördüncü respublika’ elan etməsi özünün və partiyasının “erməni xalqına yaşatdığı fəlakətlərə görə məsuliyyətdən və günahdan yayınmaq cəhdidir”: “Bu, həm də Azərbaycanın konstitusiya dəyişiklikləri ilə bağlı tələblərini yerinə yetirmək üçün yaradılan saxta pərdədir”, Toplum Tv-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














