İlham Əliyev "ən böyük amnistiya aktını" Milli Məclisə təqdim edib

Xəbərin çap versiyası
Tarix: 15-12-2025, 19:57


Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə amnistiya aktı təqdim edib.

Civilazerbaijan.com
bildirir ki, Prezident İlham Əliyev "Konstitusiya və Suverenlik İli" (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərin, bu əməliyyatlarda həlak olmuş, yaxud itkin düşmüş insanların yaxın qohumları, "Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı" nəticəsində əlil olanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.

Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxildir.

Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.

Layihə Milli Məclisə təqdim olunub.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.

Bundan öncə Azərbaycanda amnistiya 2021-ci ildə, "Zəfər Aktı" adı altında qəbul edilib. Ölkədə bir çox siyasi məhbus sayılan şəxslər həmin amnistiyaya düşməmişdi və bunu hüquq müdafiəçiləri tənqidlə qarşılamışdılar. Onlar deyirdilər ki, həmin Amnistiya aktı siyasi məhbus sayılan şəxslərdən cəmi iki nəfərə şamil edilib.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz