Türkiyədə Gültəkin Hacıbəyli barəsində deport qərarı çıxarılıb

Xəbərin çap versiyası
Tarix: 15-12-2025, 21:19


Bu gün, 15 dekabrda Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli barəsində 5 il müddətinə Türkiyədən deport qərarı çıxarılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat yayıb.

Siyasətçi müraciətini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb. O haqqında çıxarılan qərarı əsassız hesab edir.

“Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır”, – deyə məlumatda bildirilir.

Gültəkin Hacıbəyli həmçinin bildirib ki, noyabr ayının 29-dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağı ilə bağlı məhkəməyə müraciət edib.

“Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir”, – deyə o bildirib.

Hacıbəyli daha sonra Azərbaycan göndərilməsi ilə hazırlıq işlərinin getdiyini qeyd edib.

“Bildirim ki, üç gün əvvəl saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə köçürülmüşəm. Əldə etdiyim məlumata əsasən, bu mərkəzdə saxlanılan şəxslər, adətən, daha qısa müddət burada qalırlar. Bu səbəbdən məndə belə bir təəssürat yaranıb ki, məcburi qaydada Azərbaycana göndərilməyimlə bağlı müəyyən hazırlıq işləri görülür”, – deyə Hacıbəyli bildirib.

O, Rəcəb Tayyip Ərdoğana müraciət edərək bildirib ki, Türkiyə Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərini ittihamlarla həbs etməsinə dəstək verməməlidir.

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, mən hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci Vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum, siyasi fəaliyyətim boyunca daim təbliğ edib müdafiə etdiyim qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək. Heç bir halda qardaş Türkiyə dövləti bu gün demokratiyaya qarşı savaş açmış Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərini uydurma, saxta ittihamlarla həbs etməsinə dəstək verməməli, bu yöndə atacağı addımların tarixi məsuliyyətini nəzərə almalıdır”.

Gültəkin Hacıbəyli noyabrın 29-da polis tərəfindən Türkiyədə yaşadığı evindən aparılaraq “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası ilə G-82 kodu altında idarə nəzarətinə götürülüb. O, bu qərarı siyasi xarakterli sayır və geri göndərilməsi halında həbs olunacağını bildirib.

Gültəkin Hacıbəylinin noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz