Baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib

Xəbərin çap versiyası
Tarix: Dünən, 19:36


Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun istintaqa cəlb olunması üçün axtarışa verildiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, APA-nın xəbərinə görə, bu qərar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan, sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində verilib.

Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirmə, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Onun barəsində bu il oktyabrın 14-də Səbail Rayon Məhkəməsi 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Xəbərdə iddia olunur ki, Rusiyada yaşayan Abbas Abbasov müxtəlif qanunsuz yollarla bu ölkədə Azərbaycan diaspor strukturlarını ələ keçirərək təsir altına salmaq istiqamətində fəaliyyət göstərib.

Habelə, Abbas Abbasovun 2012-ci ildə Rusiyada yaradılan və “Milyarderlər İttifaqı” adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi olduğu, bununla da Milli Şuraya dəstək verərək hakimiyyəti ələ keçirməyi hədəflədiyi qeyd olunur.

Abbas Abbasov 1992-2006-cı illər arasında baş nazirin müavini vəzifəsində çalışıb.

“Ramiz Mehdiyev işi” çərçivəsində bu il dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb və Azərbaycana deportasiyası qərara alınıb.

Onlar Ramiz Mehdiyevlə iş birliyi çərçivəsində Azərbaycanda dövlət çevrilişinə cəhd etməkdə ittiham olunurlar. İttiham olunan şəxslər isə özlərini təqsirsiz hesab edir, bütün bu prosesin hakimiyyətin sifarişi olduğunu bildirirlər, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz