Rusiya neftinə görə Azərbaycan gəmilərinə sanksiyalar qoyulub
Tarix: 7-01-2026, 13:23
2025-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus iki gəmi Rusiyaya aid xam neftin daşınması iddiası ilə sanksiyalara məruz qalıb. Habelə, şirkətin birgə müəssisəsi olan "SA Maritime AFZECO" vasitəsilə sahib olduğu üç gəmi Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına düşüb.
Civilazerbaijan.com bildirir ki, bu barədə ASCO-nun illik hesabatında deyilir.
Bildirilir ki, rəhbərlik hüquqi araşdırmaya başlayıb, şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apellyasiya müraciəti hazırlanır.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Hər iki tərəfdən bir neçə yüz min insanın həlak olduğu, təkcə Ukraynadan bir neçə milyon insanın didərgin düşdüyü bildirilir. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirib. Burada xüsusilə Rusiya neft sənayesinə qarşı sanksiyalar əhəmiyyətli yer tutur.
Bu sanksiyalar "kölgə donanması"nın bir hissəsi olan çoxlu sayda neft tankerlərinə, qeyri-şəffaf Rusiya neft treyderlərinə, onun neft xidməti təminatçılarına və bu ölkənin enerji rəsmilərinə də qarşı tətbiq edilir.
Hələ 2014-cü ildə Rusiya Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndə ona qarşı sanksiyaların tətbiqinə başlanmışdı.
Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












