Azərbaycan və Türkiyə Avropa İttifaqına Rusiya qazı göndərmədiyini sübut etməlidir

Xəbərin çap versiyası
Tarix: 4-02-2026, 13:48


Azərbaycan və Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazı göndərmədiyini sübut etməli olacaq.

Civilazerbaijan.com
bildirir ki, bu, Aİ-nin rəsmi jurnalında dərc olunan yeni qaydalarda öz əksini tapıb.

"Strandja 1 nöqtəsi Aİ-ni elə bir boru kəməri sisteminə bağlayır ki, bu sistem təkcə Azərbaycan Respublikasından və ya Türkiyə Respublikasından deyil, həm də Rusiya Federasiyasından əhəmiyyətli həcmdə qaz nəql edir. Buna görə də, qazın istehsal ölkəsinin Rusiya Federasiyası olmadığını təsdiqləyən birmənalı sübutların təqdim edilməsi tələb olunmalıdır və Strandja 1 nöqtəsi vasitəsilə idxal olunan qazın birbaşa və ya dolayısı ilə Rusiya Federasiyasından mənşə almadığına və ya oradan ixrac edilmədiyinə əmin olmaq üçün səlahiyyətli orqanlara kifayət qədər yoxlama müddəti verilməlidir”, - jurnalda qeyd olunub.

Əlavə olaraq bildirilib ki, gələcəkdə Rusiya qazının əhəmiyyətli həcmlərini nəql edən boru kəməri sistemlərinə digər nöqtələr də qoşularsa, eyni nəzarət standartları onlara da tətbiq olunmalıdır.

Yanvarın 26-da Aİ Şurası 1 yanvar 2027-ci ildən başlamaqla Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın Aİ-yə tədarükünə tam qadağanı təsdiqləyib. Boru vasitəsilə nəql olunan Rusiya qazına qoyulan qadağa isə 30 sentyabr 2027-ci ildən qüvvəyə minəcək.

Rusiya 2022-ci ildə başlatdığı Ukrayna müharibəsinə qədər Aİ-nin qaz tədarükünün 40%-dən çoxunu təmin edirdi. 2025-ci ildə bu pay təxminən 13%-ə düşüb.

Aİ-nin Rusiya qazından asılılığını azaltması fonunda Azərbaycanın qaz ixrac etdiyi Aİ ölkələrinin sayı artıb. Bu ilin yanvarından etibarən Azərbaycan qazını alan Aİ ölkələrinin sayı 10-a çatıb.

Azərbaycan hökumətinin tənqidçiləri isə Azərbaycanın Avropaya boru vasitəsilə Rusiya qazı da satdığı, bununla Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyini iddia edir, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz