Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:23


Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub. Deportasiya gecə saatlarında həyata keçirilib.

Civilazerbaijan.com
Meydan TV-yə istinadla bildirir ki, bu barədə ilkin məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə yayıb. Onun sözlərinə görə, Hacıbəyli artıq Azərbaycandadır və hazırda azadlıqdadır.

Gültəkin Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri seçilməyib.

Türkiyədə “milli təhlükəsizlik üçün təhlükə” kimi saxlanılmışdı

Gültəkin Hacıbəyli ötən il noyabrın 29-dan 30-a keçən gecə İstanbulda yaşadığı evdən polis tərəfindən aparılıb, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə yerləşdirilib. Onun barəsində Türkiyədə G-82 kodu tətbiq edilib. Hacıbəyli öz sosial media hesabında Ankara məhkəməsinin ona qarşı G-82 maddəsi – “dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük” ittihamı irəli sürdüyünü bildirmişdi.

G-82 məhdudlaşdırma kodu Türkiyə qanunvericiliyinə əsasən milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi iddia edilən xarici vətəndaşlara tətbiq olunur. Bu kod şəxsin Türkiyəyə girişini qadağan edir və ölkə ərazisində olduğu halda müddətsiz deportasiya edilməsinə imkan verir.

Hacıbəyli bu qərarın siyasi motivli olduğunu, Azərbaycana qaytarılacağı halda həbs ediləcəyini açıqlamışdı.

Adı “dövlət çevrilişi planı” iddialarında hallandırılır

Azərbaycanın hökumətyönlü mediasında Gültəkin Hacıbəylinin adı son aylarda AXCP sədri Əli Kərimli ilə birlikdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin guya dövlət çevrilişinə cəhd planında yer alan şəxslər sırasında çəkilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim ötən il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Dekabrın 1-də onların barəsində Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər – ilə ittiham irəli sürülüb. Həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz