Azərbaycanda internetdəki paylaşımlara görə 4 nəfər həbs, 2 nəfər cərimə olunub
Tarix: 23-02-2026, 18:32
Azərbaycan Baş Prokurorluğu İnzibati Xətalar Məcəlləsinə yeni əlavə olunan, internet və sosial şəbəkələrdə "əxlaqsız ifadələr" və "milli-mənəvi dəyərlərə zidd hərəkətləri" qadağan edən maddənin icrası ilə bağlı bəyanat yayıb.
Civilazerbaijan.com bildirir ki, bəyanatda qeyd olunur ki, yanvarın 26-da qüvvəyə minmiş maddənin icrası çərçivəsində "mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib".
"Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onların 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub", - deyə əlavə olunub.
Baş Prokurorluq "təəssüflə" qeyd edib ki, yeni maddənin qüvvəyə minməsinə və bu mövzuda "ictimai xadimlərin təbliğat aparmasına baxmayaraq, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur".
"İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır. Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur", - açıqlamada deyilir.
Baş Prokurorluq sonda bildirib ki, "milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcəkdir".
İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) yanvarın 26-da prezident tərəfindən təsdiqlənib.
İndiyə kimi mətbuatda yayılan xəbərlərə görə, bu maddə üzrə saxlanılan şəxslərin bir qisminə 8 sutkadan 1 aya qədər həbs cəzası verilib. Himayəsində azyaşlı uşaq olanlar isə 500 manatdan 750 manata qədər məbləğdə cərimə olunub.
Onların konkret hansı ifadələr və paylaşımlara görə məsuliyyətə cəlb olunduğu açıqlanmır.
Hüquqşünaslar isə bildirir ki, Azərbaycanda "əxlaq" və "mənəvi dəyərlər" anlayışlarını tərif edən qanunvericilik yoxdur və bu, maddədən sui-istifadəyə gətirib çıxara bilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













