Həbsdə olan jurnalist Şəmşad Ağanın bacısı vəfat edib

Xəbərin çap versiyası
Tarix: Dünən, 11:59


“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, "Arqument. az" saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayeva vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, yaxınlarının "Meydan TV"-yə verdiyi məlumata görə, jurnalistin bacısı fevralın 23-ü axşam saatlarında Rusiyada vəfat edib. Onlar bildirib ki, cənazə fevralın 24-də Rusiyadan Azərbaycana gətiriləcək.

53 yaşlı Z.Ağayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bacısının vəfatı ilə əlaqədar vəkilləri Ş.Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verəcək.

Bu, son beş ayda Ş.Ağanın ailəsində baş verən üçüncü itkidir.

2025-ci ilin oktyabrın 12-də jurnalistin 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin yas yerinə getməsi üçün həbsdən buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.

Yanvarın 28-də isə jurnalistin anası Zərifə Ağayeva vəfat edib. Bu dəfə yas mərasimində iştirak edə bilməsi üçün Ş.Ağa məhkəmə qərarı ilə 3 günlük azadlığa buraxılmışdı.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də "Meydan TV işi" üzrə həbs olunub. Bu iş üzrə ümumilikdə 12 nəfər həbs olunub və qaçaqmalçılıq da daxil olmaqla bir neçə cinayət əməlində təqsirləndirilir.

Həbs olunan jurnalistlər isə özlərini təqsirli bilmir və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz