Azər Qasımlıya hökm oxunub

Xəbərin çap versiyası
Tarix: 11-03-2026, 16:59


Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib. Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Civilazerbaijan.com
bildirir ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib. O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Cinayət işində iddia olunur ki, A.Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz