Latviyada Rusiyaya hərbi avadanlıq satmaqda ittiham olunan azərbaycanlı həbs olunub
Tarix: 19-03-2026, 13:33
Foto: LTV
Latviyada təhsil alan Azərbaycan vətəndaşı Əli Xəlilov Rusiyaya hərbi təyinatlı avadanlıqlar satmaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Civilazerbaijan.com bildirir ki, Latviyanın “LTV” kanalının məlumatına görə, azərbaycanlıya qarşı "xarici dövlətin digər dövlətə qarşı fəaliyyətlərinə yardım etmək" və "qabaqcadan əlbir olan şəxslər tərəfindən beynəlxalq sanksiyaları pozmaq" maddələri ilə ittiham irəli sürülüb.
Dövlət ittihamçısı Robert Urzdinş telekanala bildirib ki, bu işdə fərqli ölkələrdən bir neçə şəxs iştirak edib:
“Bu işdə çox sayda insan iştirak edib. Əlaqəli şəxslər Almaniya, Latviya və Rusiyada olub. Təşkilatlanmış qrupun əsas üzvləri isə Rusiyada yerləşib. Əhəmiyyətli məqam həm də odur ki, söhbət hərbi istifadəyə yararlı mallardan gedir”, - o deyib.
Cinayət işində Xəlilovun əsas təşkilatçı olduğu iddia olunur. Onun saxta elektron hesablar yaratmaqla və başqa şəxslərin bank hesablarından istifadə etməklə "Starlink" cihazları sifariş etdiyi və Rusiyaya göndərdiyi bildirilir.
Bundan əlavə, tələbənin hərbi məqsədlər üçün nəzərdə tutulmuş bel çantaları, gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah karkasları, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar da sifariş edib göndərdiyi deyilir.
Əli Xəlilov isə ittihamları qəbul etmir. Hökm hələ qüvvəyə minmədiyinə görə, o, apellyasiya şikayəti verə bilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











