Azərbaycanda əhalinin kərə yağı istehlakı azalıb - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: Dünən, 17:23


2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub.

Civilazerbaijan.com
bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ən kəskin azalma kərə yağı istehsalında qeydə alınıb. Belə ki, cari ilin yanvar-fevral aylarında 3883 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalma deməkdir.

Maraqlıdır ki, bitki mənşəli marqarin istehsalında da 42,8 faiz azalma müşahidə olunub. Cari ilin ilk iki ayında 5816,4 ton marqarin istehsal edilib. Eyni zamanda, duru bitki yağlarının istehsalı 9 391,4 tona yüksələrək 30,2 faiz artıb. Bu məhsulların idxalına nəzər yetirdikdə, Dövlət Gömrük Komitəsinin məlumatından aydın olur ki, yanvar-fevral aylarında ölkəyə idxal olunan kərə yağı 33,4 faiz azalaraq 3556 tona düşüb. Əvəzində bitki və heyvan mənşəli piy və yağların idxalının həcmi 8,3 faiz artaraq 19,2 min tona çatıb.

Kərə yağının həm yerli istehsalının, həm də idxalının azalması əhali tərəfindən bu məhsulun istehlakının aşağı düşdüyünü göstərir. Əvəzində istehlakçılar daha ucuz alternativ olan bitki yağlarına üstünlük veriblər. Bu səbəbdən, bitki yağlarının həm istehsalında, həm də idxalında artım müşahidə olunur. Bundan başqa, süd məhsulları arasında pendir və kəsmik istehsalında da azalma baş verib. Belə ki, cari ilin ilk iki ayında bu məhsullar üzrə 8437 ton həcmində istehsal qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2,8 faiz azalma deməkdir.

Süd məhsulları arasında yalnız qaymaq və xama istehsalında artım qeydə alınıb. Cari ilin ilk iki ayında bu məhsulların istehsalı 10 faiz artaraq 1665 ton təşkil edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı kənd təsərrüfatı məhsullarının emalından danışıb.

“Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədə xidmət edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac da edə bilərik”, – deyə İ. Əliyev qeyd edib.

DSK-nın məlumatına görə, cari ilin ilk iki ayında ölkə üzrə 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib. Qida sənayesində 11,4 faiz artım mövcuddur. İstehsalda əsas artım, duru yağlardan əlavə, şəkər və qənd (44,2 min ton, 33,5% artım), kolbasa məmulatları (5 478,6 ton, 17,6% artım) və şəkərli qənnadı məhsulları (1 549,2 ton, 14,1% artım) üzrə olub.

Bundan başqa, qida sənayesində meyvə və tərəvəz şirələrinin və konservlərinin hər birinin istehsalı 15,2 faiz azalıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz