Ali Məhkəmədən AbzasMedia işi üzrə həbs olunan jurnalistlərlə bağlı QƏRAR
Tarix: Bu gün, 15:35
Bu gün, aprelin 3-də Ali Məhkəmədə “AbzasMedia işi” üzrə həbs olunan jurnalistlərin kassasiya şikayətlərinə baxılıb.
Civilazerbaijan.com bildirir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində jurnalistlərin kassasiya şikayəti təmin olunmayıb.
Məhkəmədə AbzasMedia-nın qadın jurnalistləri Elnarə Qasımova, Nərgiz Absalamova, Sevinc Vaqifqızı iştirak etməyiblər. Onları qanuni nümayəndələri təmsil edib. Həmçinin jurnalist Hafiz Babalının vəkili Rəsul Cəfərov da məhkəmədə iştirak edə bilməyib. Onun ərizəsi məhkəməyə təqdim edilib. Vəkil məhkəmədən kassasiya şikayətinin təmin edilməsini və Babalının barəsindəki cinayət işinə xitam verilməsini tələb edib.
Bundan sonra Hafiz Babalı çıxışında məhkəmədən ona bəraət verilməsini və barəsində həbs qərarı çıxaranların məsuliyyətə cəlb olunmasını da xahiş edib.
Həmçinin jurnalist aylardır pensiya ala bilmədiyini və kartlarının bloklandığını deyib.
“Artıq 28 aydır ki, həbsdəyəm və müddət ərzində pensiyamı ala bilməmişəm. Səhhətimdə ciddi problemlər var. Aldığım pensiya da müalicəm üçün xərclənirdi. İndi isə bundan məhrumam”, – deyə jurnalist çıxışında bildirib.
Hafiz Babalı məhkəmədəki çıxışında həbsxanada olan məhbusların istəklərini də qeyd edib. Onun sözlərinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının üçdə ikisini çəkmiş məhkumların vaxtından əvvəl azadlığa buraxılması üçün daxili məhkəmələr keçirilir.
Babalı deyib ki, həmin proseslərin təşkili üçün məhkumlardan qeyri-rəsmi ödənişlər tələb olunur. O, Ali Məhkəməyə müraciət edərək bu məhkəmələr üçün rəsmi ödəniş məbləğinin müəyyənləşdirilməsini təklif edib. Onun sözlərinə görə, bu addım həm prosesin qanuniləşdirilməsinə, həm də cəzaçəkmə müəssisələrində mövcud olduğu iddia edilən korrupsiya hallarının qarşısının alınmasına kömək edə bilər. Babalı əlavə edib ki, bu məsələni gündəmə gətirməyi ondan digər məhkumlar xahiş ediblər.
Daha sonra vəkil Günay İsmayılova çıxış edərək bildirib ki, istintaq materiallarında jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın təqsirini sübut edəcək faktlar yoxdur.
Vəkil Günay İsmayılova bildirib ki, Elnarə Qasımova AbzasMedia ilə 2023-cü ilin oktyabrında qısa müddət könüllü işləyib və onun mütəşəkkil dəstə üzvü olmasına dair heç bir sübut yoxdur. Onun sözlərinə görə, Qasımova sadəcə fotoqraf olduğuna görə ittiham olunub və xaricə yeganə səfəri şəxsi məqsədlə olub.
İsmayılova qeyd edib ki, Nərgiz Absalamova da videoreportyor fəaliyyəti səbəbindən eyni ittihamla cəlb edilib. Vəkil bildirib ki, ona qarşı sənəd saxtalaşdırılması ilə bağlı heç bir mötəbər sübut yoxdur. Vəkilin sözlərinə görə, hər iki şəxs Məhəmməd Kekalovun ilkin ifadəsi əsasında saxlanılıb, lakin o, sonradan məhkəmədə bu ifadələrindən imtina edib.
Vəkil Bəhruz Bayramov çıxışında qeyd edib ki, daha öncə keçirilən məhkəmələrdə bütün sübutlara baxmayaraq məhkəmələr ədalərsiz qərar qəbul edib. O Ali Məhkəmədən ədalətli qərar qəbul etməsini gözləmədiyini deyib.
Sonda vəkil Bayramov jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımovanın son sözlərini oxuyub. Son sözləri olduğu kimi təqdim edirik.
Sevinc Vaqifqızı:
“Bu işin Ali Məhkəməyə gəlib çıxmağına səbəb əvvəlki iki instansiyada haqqımızda sifarişli hökm çıxarılmasıdır. Sifarişi verən də ailəsinin korrupsiyaya bulaşdığını göstərdiyimiz İlham Əliyevdir. Bilirik ki, onun bizi qanunsuz həbsdə saxlamaqla bağlı sifarişi sizə də gəlib. Xatırladım ki, bu yaxınlarda Əliyev icra başçılarını qəbul edərkən yerli məmurların yuxarı səviyyələrdən gələn təzyiqlərlə qanunsuz göstərişləri icra etməyə məcbur edildiklərini deyib. O, məmurlara tapşırıb ki, bundan sonra əgər kimsə onlara qanunsuz tapşırıq versə, dərhal ona məlumat versinlər.
İndi şikayətim Əliyevdən Əliyevədir. Cənab Əliyev, məhkəmələrə qanunsuz tapşırıqlar verməyi dayandırın. İmkan verin, hakimlər baxdıqları işlərlə bağlı müstəqil qərar versinlər.
Oxşar idarəçilikdən əziyyət çəkən Türkiyənin ilk qadın vəkili – 59 il vəkil kimi çalışmış Sürəyya Ağaoğlunun bir sözü var: “Bir məmləkətdə hakim zamana görə deyil, ancaq hüquqa görə hökm versə, o məmləkətdə illərlə insan fikir suçundan həbsə düşməz”. Sizdən istəyim zamana görə deyil, hüquqa görə haqqımızda qərar verməyinizdir”.
Elnarə Qasımova:
“Həbsimiz boyunca iştirak etdiyimiz məhkəmələrin adları, ünvanları, binaları, oradakı hakimlər bir-birindən fərqli ola bilər. Amma həmin məhkəmələrdə bizimlə bağlı verilən qərarlar tək adama məxsusdur. Azərbaycanda məhkəmələr insanların ədalətli mühakiməsi üçün deyil, İlham Əliyevin hakimiyyətini qorumağa, söz azadlığına olan qəzəbini soyutmağa xidmət edir. Azərbaycan məhkəmələri bizim işimiz üzərindən öz məhkəməsini qurur. Göstərir ki, ədalətli mühakimədən nə qədər uzaqdır. Göstərir ki, Prezident Administrasiyasının qərarlarından nə qədər asılıdır. Göstərir ki, insanları uzun müddət həbsə göndərmək onlar üçün nə qədər asandır.
İbtidai istintaqı bir il aparılan, sonrakı məhkəmələri toplam səkkiz ay çəkən işimizdə, demək olar, heç bir vəsatətimiz təmin olunmadı. O vəsatətlərimiz təmin olundu ki, bu, ancaq vizuallığa xidmət edirdi. Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsindəki proseslərdə vəkillərin yanında əyləşmək. Məhkəmə salonunda hər şey səliqəli görünürdü. Hər kəs yerli-yerində, vəkillərin mantiyası əynində, müdafiə etdikləri şəxslər yanında… Amma bir şey əskik idi: ədalətli araşdırma…
Biz məhkəmələrdə çıxış edərkən prokurordan “klounluq eləmə”, hakimdən “artistlik edirsiniz” sözlərini eşitmişik. Prosesi yarımçıq tərk etdiklərini görmüşük. Hətta görüntü üçün olsa da, hakimlər bizim işimizdə özlərini peşə etikalarına uyğun aparmadılar. Bu sözləri və davranışları ilə tərəfsiz olmadıqlarını göstərdilər. İndi də məhkəməmizin keçirildiyi salon səliqəli və təmiz görünür. Amma yekunda yenə görəcəyik ki, hakim heyəti ədalət qarşısında toz-torpaq içindədir”.
Daha sonra dövlət ittihamçısı Rəşad Məmmədli çıxışında məhkəmədən jurnalistlər barəsində kassasiya şikayətinin təmin edilməməsini tələb edib. Müşavirəyə gedən məhkəmə heyəti kassasiya şikayətini təmin etmədiyini bildirib.
“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Ötən il sentyabrın 26-da Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüb, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











