Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevə hökm oxunub
Tarix: Bu gün, 15:51
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Civilazerbaijan.com bildirir ki, partiya üzvlərinin yaydığı məlumata görə, hökm aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Dövlət ittihamçısı Tağıyevin 8 il müddətinə həbsini istəmişdi.
Məlumatda qeyd olunur ki, N. Tağıyev məhkəmədə azadlığa buraxılması üçün ona müəyyən şərt irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, Əli Kərimlinin əleyhinə ifadə verəcəyi təqdirdə həbsdən azad edilə biləcəyi deyilib: “Məndən tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim, hətta həmin görüşdə özümün də iştirak etdiyimi deməyimi istəyirdilər”.
Ev alqı-satqısı zamanı saxtakarlıq yolu ilə 70 min manat mənimsəməkdə ittiham olunan Novruz Tağıyev son sözündə özünü təqsirsiz hesab etdiyini bildirib. O vurğulayıb ki, “həm üzəduran şəxsin, həm də onun barəsində 8 il həbs cəzası istəyən dövlət ittihamçısının mövqeyi sifariş xarakterlidir”.
Təqsirləndirilən şəxs hakimə müraciət edərək “siz bunu etməyin” deyib. O, həmçinin həbs olunduqdan sonra 7 gün ac və susuz saxlandığını iddia edib.
Novruz Tağıyev ötən il mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.2-ci maddəsi (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham irəli sürülüb. Dekabrda isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) üzrə ittiham verilib.
Əli Kərimli həmin vaxt mühafizəçisinə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırmışdı. O, sosial media hesabında yazmışdı: “İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, maklerə, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir?”
Hazırda AXCP-nin Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvünün uzunmüddətli həbsdə olduğu bildirilir, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











