Gürcüstan Əfqan Sadıqovun deportasiyasına qərar verib
Tarix: Bu gün, 13:47
Gürcüstan məhkəməsi bu ölkədə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovu deportasiya etmək qərarı verib.
Civilazerbaijan.com bildirir ki, bu barədə hüquq müdafiəçisi Tamta Mikeladze sosial media hesabında xəbər verib.
Ə.Sadıqovun aprelin 5-ə keçən gecə Tbilisidə yaşadığı evindən polislər tərəfindən zorla aparıldığı xəbəri yayılmışdı. Səhər saat 4 radələrində isə məhkəmə onun deportasiyasına qərar verib. Hüquq müdafiəçisinin sözlərinə görə, jurnalist "Facebook" səhifəsində gürcü polisini təhqir etməkdə ittiham olunub.
İstinad olunan paylaşım aprelin 1-də ingilis və Azərbaycan dillərində edilib. Ə.Sadıqov paylaşımında Gürcüstanın adını çəkmədən yazıb: "Harada diktatura varsa, orada polislər maaş və "paqon" uğrunda hər şeylərini satmağa, ayaqlar altına atmağa hazırdırlar və bunu sevərək, can-başla, fəxrlə edirlər".
Mikeladzenin sözlərinə görə, müdafiə tərəfi Ə.Sadıqovun ölkəni könüllü şəkildə tərk edə biləcəyini və buna görə də deportasiya qərarına ehtiyac olmadığını məhkəmənin diqqətinə çatdırıb. Lakin məhkəmə bunu və jurnalistin həyat yoldaşı və uşaqlarının artıq Avropa İttifaqı ərazisində siyasi sığınacağa malik olduğunu nəzərə almayıb.
Mikeladze xatırladıb ki, uzun müddət Ə.Sadıqovun üzərində Gürcüstanı tərk etmək qadağası var idi və buna görə də onun üçün Avropada siyasi sığınacağa müraciət etmək proseduru başladılmamışdı. Lakin aprelin 1-də Azərbaycan hökuməti jurnalistə qarşı cinayət işinə xitam verib və bu barədə Gürcüstanı məlumatlandırıb. Aprelin 3-də isə yerli məhkəmə Ə.Sadıqovun ölkədən çıxış qadağasını ləğv edib.
Hüquq müdafiəçisi düşünür ki, bunlar iki ölkə tərəfindən jurnalistin deportasiyası üçün əvvəldən koordinasiya olunub.
"Mən indiyə qədər bir ölkənin qanun çərçivəsi ilə Avropa İnsan Hüquqları Konvensiyası arasında bu qədər ziddiyət görməmişəm. Bu, fəlakətdir. Bu, bir insana qarşı aydın şəkildə aparılmış xüsusi əməliyyatdır", - o qeyd edib.
"Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib. Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.
Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.
Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb. Lakin həmin vaxtdan sonra da Ə.Sadıqov dəfələrlə Tbilisidəki etiraz aksiyalarında iştirakına görə Gürcüstan tərəfindən ümumilikdə 270 min lari cərimələnib və iki həftə müddətinə inzibati qaydada həbs olunub, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











