Avropa Məhkəməsi Xədicə İsmayıla görə Azərbaycan hökumətini cərimələyib
Tarix: Dünən, 16:09
Aprelin 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) juralist Xədicə İsmayılın şikayəti üzrə qərarını açıqlayıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Fariz Namazlı “Facebook” səhifəsində yazıb.
Fariz Namazlı bildirib ki, qərar jurnalistin ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlıdır. Məhkəmə Xədicə İsmayılın müxtəlif vaxtlarda göndərdiyi iki işi birləşdirərək qərar qəbul edib.
“Qanunvericiliyə əsasən, şərti məhkum edilmiş şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər. Jurnalist Xədicə İsmayıl məhdudiyyətin ləğv edilməsi üçün müraciət edib. O bildirib ki, beynəlxalq konfranslara dəvət alıb və jurnalist fəaliyyəti üçün bu səfərlər vacibdir. Həmçinin anasını ürək əməliyyatı üçün Türkiyəyə müşayiət etmək məqsədilə məhkəməyə tibbi sənədlər təqdim edib. Lakin məhkəmə müraciəti rədd edərək qeyd edib ki, onun ölkədən sərbəst çıxışı sınaq müddətində davranışına nəzarəti çətinləşdirə və qərarın icrasını riskə ata bilər. Bundan əlavə, onun ölkəyə qayıdacağına təminat olmadığı vurğulanıb”, – deyə Fariz Namazlı yazıb.
Jurnalist Avropa Məhkəməsinə müraciət edərək bildirib ki, ölkədən çıxışına qoyulan qadağa onun ölkəni tərk etmək hüququnu pozub və bununla bağlı ölkə daxilində effektiv şikayət imkanı olmayıb. O, həmçinin qeyd edib ki, bu qadağa onun şəxsi və ailə həyatına, eləcə də ifadə azadlığına müdaxilə edib və ona qarşı tətbiq olunan məhdudiyyətlər qanunda nəzərdə tutulmayan məqsədlərlə qoyulub.
Məhkəmə hesab edib ki, yerli məhkəmələr ərizəçinin xaricə getmək hüququnun məhdudlaşdırılmasının əsaslı olub-olmadığını düzgün qiymətləndirməyib və bunu yetərincə izah etməyiblər. Belə ki, məhkəmənin qərarına əsasən Xədicə İsmayıla dəymiş maddi və mənəvi zərərə görə 10000 avro, məhkəmə xərclərinə görə 2000 avro ödənilməlidir.
Xədicə İsmayılova 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilmişdi. Məhkəmə onu Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə Cinayət Məcəlləsinin 179 və 308-ci maddələrilə ittihamlara xitam verib, cəzanı da dəyişib. Ali Məhkəmə qalan iki madə ilə ona 5 il sınaq müddəti olmaqla, 3 il 6 ay şərti cəza təyin edib. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin işinə yenidən baxıb və şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Sınaq müddəti isə 5 il saxlanılmışdı. 2021-ci ildə həmin müddət başa çatıb.
Xədicə İsmayılova ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılması üçün bir neçə dəfə məhkəməyə müraciət etsə də, təmin olunmamışdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












