Jurnalistləri Müdafiə Komitəsi AbzasMedia işi üzrə Ali Məhkəmənin qərarını pisləyib
Tarix: Bu gün, 15:53
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) aprelin 3-də Ali Məhkəmənin “Abzas Media”nın altı jurnalisti və ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq Radiosu”nun əməkdaşı barəsində uzunmüddətli həbs cəzalarını qüvvədə saxlayan qərarını pisləyib.
Civilazerbaijan.com bildirir ki, təşkilat bəyan edib ki, bu qərar ölkədə davam edən mətbuat azadlığına qarşı təzyiqlərin bir hissəsidir və Azərbaycan hakimiyyətini əsassız həbs edilmiş bütün jurnalistləri dərhal azad etməyə çağırıb.
CPJ qeyd edib ki, 3 aprel tarixli qərardan sonra jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi planlaşdırırlar. Bu barədə “Abzas Media”nın müvəqqəti direktoru və baş redaktoru Günel Səfərova məlumat verib.
CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səidin sözlərinə görə, bu qərarlar hakimiyyətin müstəqil mediaya qarşı təzyiq siyasətinin göstəricisidir:
““Abzas Media” və “Azadlıq Radiosu”nun jurnalistlərinin şikayətlərinin rədd edilməsi hakimiyyətin müstəqil medianın fəaliyyətinə son qoymağa çalışdığını göstərir. Hakimiyyət Azərbaycanda yüksək səviyyəli korrupsiya ilə bağlı araşdırmalardan açıq şəkildə ehtiyat edir. Əgər gizlədəcəkləri heç nə yoxdursa, repressiyalara son qoymalı və həbsdə olan bütün jurnalistləri azad etməlidir. Xarici hökumətlər Bakı ilə münasibətlərində mətbuat azadlığını prioritet etməli və həbsdə olan jurnalistlərin azad olunmasına üstünlük verməlidir”.
CPJ xatırladıb ki, 2023-cü ildə polis “Abzas Media”nın ofisində axtarış apararaq 40 min avro tapıldığını bildirib və nəşri ABŞ, Fransa və Almaniya səfirliklərinin qanunsuz maliyyələşdirdiyini iddia edib.
Təşkilatın məlumatına görə, hazırda Azərbaycanda azı 24 jurnalist həbsdədir və onların əksəriyyəti 2023-cü ilin sonlarından etibarən Qərb donorlarından maliyyə alma ittihamları ilə saxlanılıb. Bu proses Qərblə münasibətlərin pisləşməsi fonunda baş verir.
CPJ vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş cəmiyyəti təşkilatları xarici qrantlar üçün dövlətin razılığını almalıdır. Hakimiyyət media qurumlarını bu tələbi pozmaqda ittiham etsə də, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar işlər üzrə qərarlarında belə halların cinayət məsuliyyəti deyil, cərimə ilə cəzalandırılmalı olduğunu bildirib.
Müstəqil ekspertlərin fikrincə, hakimiyyət xarici qrant almaq istəyən müstəqil təşkilatların qeydiyyatından imtina edir və bununla da onların maliyyəni qanuni şəkildə əldə etməsini faktiki olaraq mümkünsüz edir.
CPJ bildirib ki, Baş Prokurorluğa göndərilən sorğu cavabsız qalıb.
2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar.
İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. 2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamıyla həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 340 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














