İranın ali dini lideri Ayətullah Əli Xamenei öldürülüb

Xəbərin çap versiyası
Tarix: 1-03-2026, 14:45


Martın 1-nə keçən gecə İranın dövlət mediası ali lider Əli Xameneinin bir gün öncə ABŞ və İsrailin hava zərbələri ilə öldürüldüyünü təsdiqləyib.

Civilazerbaijan.com
bildirir ki, dövlət mediası 86 yaşlı liderin ölümünə görə 40 günlük dövlət matəminin başladığını, idarələrin, şirkətlərin yeddi gün bağlı qalacağını elan edib.

Media onun bəzi xəbərlərdə deyildiyi kimi, bunkerdə deyil, öz ofisində öldürüldüyünü bildirir.

“Tarixin ən pis adamlarından olan Xamenei öldürülüb”, – bunu ABŞ prezidenti Donald Tramp fevralın 28-də "Truth Social" platformasında yazıb.

Tramp Xameneinin ABŞ-nin İsraillə sıx işləyən kəşfiyyat və müasir izləmə sistemlərindən yayına bilmədiyini, onunla birlikdə digər liderlərin də qətlə yetirildiyini bildirib.

Trampdan öncə İsrailin baş naziri Benyamin Netanyahu Xameneinin hücumlarda öldürülməsinin “əlamətləri” olduğunu söyləyib.

İyunda gizlənmişdi

Xameneinin ölümü ölkənin digər liderlərinə böyük zərbə sayılır.

İran rəsmiləri daha öncə ali liderin öldürüldüyünü təkzib etmişdi. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi demişdi ki, Xamenei də, prezident Məsud Pezeşkian da sağıdır, komandanlığı “möhkəm idarə edir”.

Xamenei 1989-cu ildə, islam respublikasının qurucusu Ruhulla Xomeyninin ölümündən sonra ali lider postuna keçəndən İranı sərt şəkildə idarə edib.

Ötən iyunda İsraillə 12 günlük müharibə vaxtı Xamenei əsasən gizlənib, ictimaiyyət qarşısına çox az çıxıb.

O, idarəçiliyi dövründə bir neçə böhranı öhdəsindən gəlib. 1999-cu ildə tələbə etirazları, 2009-cu ildə seçkilərin nəticələrinə qarşı nümayişlər, 2019-cu ildə kütləvi etirazları güc strukturları qəddarlıqla yatırdıb.

2022-23-cü illərdə isə İranı "Qadın, Həyat, Azadlıq" etirazları çalxalayıb. 22 yaşlı kürd qadının guya hicab qaydasını pozduğuna görə saxlandıqdan sonra ölümü etirazlara səbəb olub.

İran lideri kim olacaq?
ABŞ televiziyası Trampdan soruşub ki, ABŞ İran rəhbərliyinin digər üzvlərinin də hava zərbələrində öldürüldüyünə inanırmı.

“Çoxu öldürülüb. Bütün qərarları verənlərin çoxu artıq yoxdur”, – NBC-yə görə Tramp deyib.

Prezidentin dediyinə görə, ABŞ rəsmilərinin hakimiyyətdəki vəzifələri kimin dolduracağı barədə “yaxşı fikirləri var”, amma detallı danışmayıb.

Yaddaşlarda necə qalacaq?

Tərəfdarları Xameneini müdrik rəhbər, tənqidçiləri diktaror adlandırırdılar. O, islam inqilabının monumental siması kimi xatırlanacaq.

Xamenei öz xalqına qarşı güc tətbiq edib, hakimiyyət daxilindəki müxalif fiqurları həbs etdirib, xüsusilə ABŞ və İsrailin təsirinə çılğın müqavimət göstərib. Bütün bunlar isə onun ölkəsini beynəlxalq təcridə aparan, sərt və güzəştsiz avtoritar kimi irsini formalaşdırıb. Bunu AzadlıqRadiosunun jurnalistləri Kian Şərifi və Gülnaz İsfəndiyari yazırlar.

“Tarix Xamenei hakimiyyətinin İran xalqı üçün dərin travmatik dövr olduğunu göstərəcək. Ölkə o dərəcədə zəifləyib və təcrid olunub ki, iranlıların çoxu mühacirətə yeganə ümid yeri kimi baxıb”, –Vaşinqtondakı Yaxın Şərq İnstitutunda İran Proqramının direktoru Aleks Vatanka belə deyib.

Xamenei hakimiyyətinin son illəri hökumətə qarşı etirazlar, minlərlə nümayişçinin öldürülməsi ilə yadda qalıb.

2017-ci ildə yaşayış xərclərinin artmasına, 2019-cu ildə benzin qiymətlərinə, 2021-ci ildə su qıtlığına islam rejiminə narazılığın artdığını göstərirdi. 2022-ci ildə guya hicab qanununu pozduğuna saxlandığı iddia edilən Məhsa Əmininin polis nəzarətində ölməsi ölkəboyu etirazların genişlənməsinə yol açdı.

İslam Respublikasına qarşı ən qanlı etirazlar isə 2025-ci il dekabrın sonunda başladı, 2026-cı il yanvarın əvvəlində davam etdi. İnsan haqları qrupları azı 7 min nəfərin öldürüldüyünü bildirir, amma 7 real sayın daha yüksək, hətta dörd dəfə çox ola biləcəyi güman edilir.

Amma Xamenei hakimiyyətinə qarşı narazılığa görə heç vaxt məsuliyyət götürməyib, etirazlara görə xarici qüvvələri suçladı, onların İslam Respublikasını zəiflətmək istədiyini iddia etdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz