Macarıstan Ukraynaya qaz tədarükünü dayandıracaq - ORBAN
Tarix: Dünən, 17:07
Macarıstan baş naziri Viktor Orban ölkəsi üzərindən Ukraynaya təbii qaz təchizatının dayandırılacağını deyib.
Civilazerbaijan.com bildirir ki, Orban bunu Ukrayna üzərindən ölkəsinə Rusiya neftinin nəqlinin dayanması ilə əsaslandırıb. O əlavə edib ki, neftin nəqli bərpa edilənədək Ukraynaya qaz verilməyəcək. Ukrayna qaz tələbatının böyük bir hissəsini Macarıstandan idxal edir. Bu göstərici ötən il bütün qaz idxalının təxminən 45%-ni təşkil edib.
Macarıstan Ukraynanı “Dostluq” boru kəmərini zədələyərək Rusiyadan neft nəqlini qəsdən dayandırmaqda ittiham edir. Kiyev isə bildirir ki, boru kəməri yanvarda Rusiyanın dron hücumu nəticəsində zədələnib və kəməri mümkün qədər tez bərpa etməyə çalışırlar. Ukrayna prezidenti Volodimir Zelenski martın 5-də deyib ki, boru kəməri təxminən bir ay yarım ərzində işlək vəziyyətə gələ bilər.
Orban daha öncə Ukraynadan hücum təhlükəsi olduğunu iddia edərək ölkəsinin əsas enerji infrastrukturu obyektlərində əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə göstəriş verib.
Digər Avropa ölkələri liderlərindən fərqli olaraq, Ukraynaya qarşı müharibə aparan Rusiya ilə yaxın münasibətlər saxlayan Orban iddia edir ki, Ukrayna hökuməti Macarıstana təzyiq göstərmək üçün “neft blokadası”ndan istifadə edir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından bəri əksər Avropa ölkələri Rusiyadan enerji idxalını ciddi şəkildə azaldıb və ya tamamilə dayandırıb. Lakin Macarıstan və Slovakiya Rusiya nefti və qazının idxalını nəinki saxlayıb, hətta artırıb.
Macarıstan Avropa İttifaqı (Aİ) tərəfindən Kiyevə ayrılmış 90 milyard avroluq krediti bloklayır və Rusiyaya qarşı yeni Aİ sanksiyalarını veto edir. Orban ölkəsinə neft tədarükləri bərpa olunana qədər Ukrayna üçün yardım məqsədilə ediləcək digər Aİ tədbirlərini bloklamağa söz verib, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











