Xameneinin oğlu İranın yeni ali lideri seçilib
Tarix: Bu gün, 14:43
İranda yeni ali lider seçilib.
Civilazerbaijan.com bildirir ki, İranın dövlət televiziyası martın 9-da xəbər verib ki, keçmiş ali lider Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei atasının xələfi olacaq.
Ali liderin seçimindən məsul olan ekspertlər şurası bəyanatında oğul Xameneinin “qətiyyətli səsvermə” nəticəsində seçildiyini açıqlayıb. Daha əvvəl dövlət vəzifəsi daşımayan M.Xameneinin adı hələ atası sağ olanda da İranın növbəti ali lideri kimi hallanırdı.
ABŞ prezidenti Donald Tramp daha öncə açıqlamasında M.Xameneini "aşağıçəkili fiqur" adlandırıb, onun seçiminin qəbuledilməz olacağını deyib. Tramp martın 8-də ABC telekanalına deyib ki, onun razılığı olmadan seçiləcək İran ali lideri hakimiyyətdə çox qala bilməyəcək.
Əli Xamenei fevralın 28-də başlayan ABŞ-İsrail birgə hücumları nəticəsində öldürülüb. O, 1989-cu ildən ali lider vəzifəsini daşıyırdıToplum TV-nin məlumatında qeyd olunur.
Müctəba Xamenei kimdir?
Meydan TV-nin məlumatına görə, Müctəba Xamenei 1969-cu il sentyabrın 8-də Məşhəd şəhərində anadan olub. O, bu il fevralın 28-də İsrailin zərbəsi nəticəsində öldürülən İranın keçmiş ali rəhbəri Əli Xameneinin ikinci oğludur. 88 üzvdən ibarət Ekspertlər Məclisi ABŞ və İsraillə şiddətli müharibənin başlamasından bir həftə sonra – martın 8-də onu İslam Respublikasının yeni ali rəhbəri elan edib.
Müctəba Xamenei İran hakimiyyətində ən nüfuzlu və eyni zamanda müəmmalı fiqurlardan biri kimi təsvir olunur. Onun ölkədə böyük gücə malik olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələr saxladığı bildirilir. Bir çox ekspertlər hesab edir ki, ölkədə əsas siyasi və təhlükəsizlik qərarlarının verilməsində məhz bu qurum mühüm rol oynayır.
İranın Ekspertlər Məclisi xalqı yeni seçilmiş rəhbərin ətrafında birləşməyə və “birliyi qorumağa” çağırıb.
Bununla belə, Müctəba atasının siyasi xəttinin və sərt idarəetmə modelinin davamı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Xameneinin oğlunun bu vəzifəyə gətirilməsini “qəbuledilməz” adlandırmış və bildirmişdi ki, bu təyinat Vaşinqtonla razılaşdırılmasa, İranın yeni lideri “uzun müddət hakimiyyətdə qala bilməyəcək”.
“Onlar vaxtlarını itirirlər. Xameneinin oğlu zəif fiqurdur”, – ABŞ-nin Axios nəşri Trampdan sitat gətirib.
İsrailin müdafiə naziri isə ötən həftə bildirmişdi ki, Əli Xameneinin varisi kimi seçiləcək hər kəs “aradan götürülməsi üçün hədəf” olacaq.
Müctəba Xamenei İran siyasətində necə mühüm fiqura çevrildi?
56 yaşlı şiə ruhani əsasən kölgədə qalıb və heç vaxt rəsmi dövlət vəzifəsi tutmayıb. Buna baxmayaraq, onun İranın mürəkkəb hakimiyyət strukturu daxilində, xüsusilə də SEPAH-da böyük təsirə malik olduğu bildirilir.
Rəsmi dairələr Müctəbanın siyasətdə artan təsirini ilk dəfə 1990-cı illərin ortalarında hiss etməyə başlayıblar. Həmin dövrdə o, İran–İraq müharibəsindən qayıdan SEPAH döyüşçüləri və komandirləri ilə sıx əlaqədə görünürdü.
Müctəba Xamenei 2005-ci il prezident seçkiləri zamanı daha çox diqqət mərkəzinə düşdü. Ekspertlərin fikrincə, o, həmin seçkilərin nəticələrinə təsir göstərib. İddialara görə, Müctəba SEPAH-dan çıxmış və o vaxt geniş tanınmayan siyasətçi Mahmud Əhmədinejadın seçkidə qalib gəlməsinə kömək edib.
2005-ci il seçkiləri keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin siyasi mövqeyinə ciddi zərbə vurdu, baxmayaraq ki, o bu barədə açıq danışmadı. Digər namizəd Mehdi Kərrubi isə açıq məktub yazaraq Müctəbanı seçkilərə müdaxilə etməkdə və Əhmədinejadın hakimiyyətə gəlməsini asanlaşdırmaqda ittiham etdi.
Dörd il sonra Müctəba yenidən eyni ittihamlarla üzləşdi. Bu dəfə Əhmədinejadın yenidən prezident seçilməsi İranda kütləvi etirazlara səbəb oldu. Bəzi etirazçılar Müctəbanın atasının yerinə ali rəhbər olmasına qarşı çıxaraq nümayişlərdə “Müctəbaya ölüm” şüarları səsləndirirdilər.
Həmin gərgin aylarda Müctəbanın “yaşıl hərəkat” adlanan etirazların yatırılmasında rolunun artdığı barədə çoxsaylı məlumatlar yayılmışdı.
Müctəba Xameneinin maliyyə aktivləri
Müctəba Xameneinin maliyyə korrupsiyası ilə bağlı da müxtəlif iddialar var. Hökumət daxilindəki mənbələrə görə, İran iqtisadiyyatının ən azı 60 faizi Əli Xameneinin nəzarətində olan holdinqlər və qurumlar vasitəsilə idarə olunur. Bunlara Müstəzəfan Fondu, İmam Xomeyni Yardım Komitəsi, Xatəm əl-Ənbiya Tikinti Qərargahı və Astan Qüds Rəzəvi kimi strukturlar daxildir. İddialara görə, Müctəba bu maliyyə axınlarına nəzarət edən əsas fiqurlardan biri olub.
2026-cı ildə Bloomberg agentliyinin araşdırmasına görə, Müctəba Xameneinin Londonda və Dubayda yüksək dəyərli daşınmaz əmlakı, həmçinin Avropada gəmiçilik, bank və hotelçilik sahələri ilə əlaqəli aktivləri var. Araşdırmada bildirilir ki, bu aktivlərin çoxu onun adına deyil, vasitəçilər və müxtəlif ölkələrdə yaradılmış şirkətlər vasitəsilə idarə olunur.
Uşaqlıq illəri və təhsili
Dövlət mediası Müctəbanı sadə həyat tərzi sürən biri kimi təqdim edir. O, Aləvi məktəbində orta təhsilini bitirdikdən sonra Qum şəhərindəki dini seminariyada təhsil alıb və nüfuzlu ruhani alimlərin dərslərində iştirak edib.
Onun uşaqlıq dövründə atası Əli Xamenei şah Məhəmməd Rza Pəhləvinin monarxiyasına qarşı mübarizədə tanınmış fiqurlardan biri idi. Müctəba İranın şimal-qərbində yerləşən Sərdəşt və Mahabad şəhərlərində yeddi il yaşayıb və ilk təhsilini orada alıb.
Orta məktəbi bitirdikdən sonra 1987-ci ildə SEPAH-a qoşulub. 1999-cu ildə isə ruhani olmaq üçün Qum şəhərində islam elmləri üzrə təhsilini davam etdirib.
SEPAH və İranın təhlükəsizlik qurumlarına yaxın mənbələr 1980-ci illərdə baş vermiş İran–İraq müharibəsində Müctəbanın iştirakına dair müxtəlif xatirələr və məlumatlar yayıblar. Bu məlumatlara görə, o, təxminən 17 yaşında olarkən cəbhəyə gedib və bir batalyona qoşulub.
Həmin batalyonun bir sıra üzvləri sonradan İslam Respublikasının ən mühüm kəşfiyyat və təhlükəsizlik fiqurlarına çevrilib və tez-tez Müctəbanın ətrafında toplaşıblar.
İranda bir çox insan, o cümlədən atası Əli Xamenei də uzun müddət Müctəbanın bir gün ölkənin ali rəhbəri olacağını düşünmürdü. Buna baxmayaraq, illər ərzində onun siyasi və təhlükəsizlik strukturlarındakı təsiri tədricən artaraq bu gün ölkənin ən yüksək vəzifəsinə qədər yüksəlməsi ilə nəticələnib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












