AİHM Azərbaycandan çıxışına qadağa qoyulan 16 nəfərlə bağlı hökumətə suallar ünvanlayıb
Tarix: 10-04-2026, 12:54
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müxtəlif vaxtlarda Azərbaycandan çıxışına qadağa qoyulmuş 16 nəfərin şikayətləri üzrə hökumətlə kommunikasiya başladıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Fariz Namazlı sosial media hesabında xəbər verib. Məhkəmə hökumətə həmin şəxslərin hərəkət azadlığına qoyulan məhdudiyyətlərin hüquqi əsasları və prosedurlarla bağlı suallar ünvanlayıb.
Ərizəçilər, əsasən, müxtəlif cinayət işləri üzrə təqsirləndirilən şəxs və ya şahid kimi tanınmış jurnalistlər, fəallar və başqa ictimai fiqurlardır. Onların arasında jurnalistlər Ülviyyə Əli (Quliyeva), Xədicə İsmayıl, Sahilə Aslanova, Nigar Mübariz (Cəfərova), siyasi şərhçi Şahin Cəfərov, Minaxanım Əlyarlı, iqtisadçı Toğrul Vəliyev, ictimai fəallar Elgiz Qəhrəman və İlhamiz Quliyev də var. Ü.Əli və İ.Quliyev hazırda həbsdədir.
AİHM bu yaxınlarda X.İsmayılın Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb və hüquq pozuntusunu tanıyıb. Məhkəmə hökumətin jurnalistə 12 min avro təzminat ödəməsinə qərar verib.
F.Namazlı xatırladıb ki, Azərbaycan qanunvericiliyi cinayət işləri üzrə şahid kimi tanınmış şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulmasını nəzərdə tutmur.
"Miqrasiya Məcəlləsinə əsasən, qətimkan tədbirləri yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə tətbiq edilə bilər və şahidlərin hərəkət azadlığının məhdudlaşdırılması üçün hüquqi əsas mövcud deyil. Buna baxmayaraq, istintaq və məhkəmə təcrübəsində şahid qismində dindirilən şəxslərin ölkədən çıxışına qadağalar qoyulması halları müşahidə olunur. Belə hallarda şəxslər faktiki olaraq ölkəni tərk etmək imkanından məhrum edilir, lakin onların bu məhdudiyyəti effektiv şəkildə məhkəmə qaydasında mübahisələndirməsi üçün aydın və işlək hüquqi mexanizm mövcud olmur", - o qeyd edib.
Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi Azərbaycana qarşı baxdığı bir çox işlərdə müəyyən edib ki, şahidlərin ölkədən çıxışına tətbiq edilən bu cür məhdudiyyətlər qanunla nəzərdə tutulmadığı və yetərli hüquqi əsaslandırmaya malik olmadığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi ilə qorunan hərəkət azadlığı hüququnun pozuntusuna səbəb olur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













