Azərbaycan və Rusiya AZAL təyyarəsinin qəzasına görə razılığa gəliblər

Xəbərin çap versiyası
Tarix: 15-04-2026, 23:30


Rusiya ilyarımdan sonra AZAL təyyarəsinin qəzasına görə Azərbaycana kompensasiya ödəməyə razılıq verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, iki ölkə prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə edilmiş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində” AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlərin, o cümlədən kompensasiyanın ödənilməsinin həlli barədə razılığa gəliblər.

Qəza 2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysi zamanı baş verib. Təyyarə hava şəraitinə görə Qroznıya enə bilməyərək alternativ marşrutla Aktauya yönəlib və şəhər yaxınlığında qəzaya uğrayıb.

Rəsmi Bakı qəzaya görə Rusiyanı məsul sayaraq təyyarənin vurulduğunu bildirib, Moskvanı hadisəni ört-basdır etməkdə ittiham edib. AZAL qəzanın xarici texniki müdaxilə nəticəsində baş verdiyini açıqlayıb və Azərbaycan tərəfi məsuliyyətin etirafı, günahkarların cəzalandırılması və kompensasiya tələb edib.

Kreml isə təyyarənin Qroznıya eniş cəhdləri zamanı bölgədə Ukrayna dron hücumlarının dəf edildiyini bildirib. Hər iki ölkədə cinayət işi açılıb, araşdırmanı isə qəza Qazaxıstanda baş verdiyi üçün bu ölkə aparır. İlkin hesabatda təyyarənin xarici təsirə məruz qaldığı qeyd olunub, beynəlxalq mediada isə onun Rusiya hava hücumundan müdafiə sistemi ilə vurulduğu iddia edilib.

Hadisə Azərbaycan–Rusiya münasibətlərində gərginlik yaradıb. 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin təyyarənin Rusiya ərazisində vurulduğunu etiraf edib, günahkarların cəzalandırılacağını və kompensasiya ödəniləcəyini bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz