Azərbaycan məhbus sayına görə Avropada ikinci yerdədir

Xəbərin çap versiyası
Tarix: Dünən, 14:28


Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.

Civilazerbaijan.com
bildirir ki, bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır.

Növbəti pillələrdə Moldova, Gürcüstan və Macarıstan yer alır. Bu ölkələrdə hər yüz min nəfərə müvafiq olaraq 245, 232 və 206 məhbus düşür.

Məlumata görə, ötən ilin 31 yanvar tarixi etibarilə Avropa Şurasına üzv ölkələrin həbsxanalarında ümumilikdə 1,1 milyondan çox məhbus var. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir.

Hər 100 yerə 131 məhbusun düşdüyü Türkiyə və Fransa bu sahədə liderlik edirlər. Xorvatiya, İtaliya, Malta, Kipr və Belçika kimi ölkələrdə də ciddi məhbus sıxlığı müşahidə olunur.

Azərbaycanda qadın məhbusların faizi isə əksər ölkələrlə müqayisədə aşağıdır. Qadın məhbuslar ümumi məhbusların içində 3,1 faiz təşkil edib. Ümumilikdə Avropada 2024-cü ildən 2025-ci ilə qədər qadınların həbsxana əhalisində payı 4,8 faizdən 5,2 faizə yüksəlib.

Hesabat müəllifləri bildirirlər ki, Avropada həbsxanaların həddindən artıq dolması artıq sistemli bir problemə çevrilib. Belə ki, ötən il 14 ölkədə məhbus sayı mövcud yerlərin sayını ötüb, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz