Nərgiz Absalamova həbsxanada aylardır tibbi müayinədən keçirilmir
Tarix: Bu gün, 17:45
“Abzas Media işi” üzrə həbsdə olan jurnalist Nərgiz Absalamovanın səhhətindəki problemlərlə bağlı tibbi müayinə tələbinin 4 aydır təmin edilmədiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, “Abzas Media” jurnalistin yaxınlarına istinadən yazır ki, o, uzun müddətdir haymoritdən əziyyət çəkir və həbsindən əvvəl də dəfələrlə müalicə alıb. Onların bildirməsinə görə, jurnalistin yenidən tibbi müayinə və müalicəyə ehtiyacı var, haymorit səbəbindən o, nəfəs darlığı və güclü baş ağrılarından əziyyət çəkir.
Yaxınlarının sözlərinə görə, jurnalist MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən keçirilməsi və ümumi tibbi yoxlanış üçün saxlanıldığı Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinə 4 ay əvvəl müraciət edib, lakin bu günə qədər müraciət təmin olunmayıb. Nəşr yazır ki, jurnalistin vəkili Bəhruz Bayramov məsələ ilə bağlı Ombudsman Aparatına və həbsxana rəhbərliyinə dəfələrlə rəsmi müraciətlər ünvanlayıb, amma nəticə olmayıb.
İddialarla bağlı Penitensiar Xidmətdən məsələyə münasibət almaq mümkün olmayıb.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












