İlqar Əliyevin ölümü ilə bağlı Index on Censorshipdən BƏYANAT

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:32


Böyük Britaniyada fəaliyyət göstərən beynəlxalq ifadə azadlığı təşkilatı “Index on Censorship” həbsdə vəfat edən İKT mütəxəssisi İlqar Əliyevlə bağlı bəyanat yayıb. Təşkilat İlqar Əliyevin ölümünün ciddi narahatlıq doğurduğunu bildirib və hadisənin bütün detalları ilə araşdırılmasını tələb edib.

Civilazerbaijan.com
bildirir ki, açıqlamada qeyd olunub ki, İlqar Əliyev 2023-cü ildə Azərbaycanda müstəqil mediaya qarşı başlamış həbslər zamanı saxlanılmışdı. Təşkilat onun ölümünün cavabsız qalmamalı olduğunu vurğulayaraq müstəqil və şəffaf istintaqa çağırış edib.

İlqar Əliyevin mayın 1-də 13 saylı Cəzaçəkmə Müəssisəsində öldüyü bildirilir. Rəsmi açıqlamalarda ölüm səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib. Hökumətyönlü mediada da onun səhhətində yaranan problemlər səbəbindən vəfat etdiyi barədə məlumatlar yayılıb. Bununla belə, İlqar Əliyevin həbsdə olduğu müddətdə ciddi xəstəlikdən şikayət etmədiyi bildirilirdi.

İlqar Əliyev 2023-cü ilin noyabrında həbs olunub. O, əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsə də, sonradan ittiham dəyişdirilərək satış məqsədi olmadan narkotik vasitələrin saxlanılması maddəsi ilə əvəz olunub. 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Daha sonra cəza müddəti 3 ilə endirilmişdi.

İlqar Əliyev ittihamları qəbul etməyib və məhkəmədə özünü təqsirli saymadığını bildirib.

Yayılan məlumatlarda onun saxlanılması zamanı hüquqlarının pozulduğu, fiziki təzyiqə məruz qaldığı və narkotik istifadə etdiyini etiraf etməsinin tələb olunduğu iddia edilir.

Son illərdə Azərbaycanda media nümayəndələri və vətəndaş cəmiyyəti fəallarına qarşı həbslərlə bağlı beynəlxalq təşkilatlar dəfələrlə narahatlıqlarını ifadə ediblər.

AbzasMedia, Toplum TV, Meydan TV və Meclis.info ilə əməkdaşlıq edən jurnalist və əməkdaşların bir qismi müxtəlif maliyyə və qaçaqmalçılıq ittihamları ilə həbs olunublar.

Həmin şəxslər ittihamların siyasi motivli olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi baxışlara görə təqib olmadığını və həbslərin konkret hüquq pozuntuları ilə bağlı həyata keçirildiyini bəyan edir, Meydan Tv-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz