Həbsdə olan jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri Siyasi Məhbuslar Günü təsis edib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:11


Azərbaycanda həbsdə olan jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri Siyasi Məhbuslar Gününün təsis olunması ilə bağlı bəyanat verib.

Civilazerbaijan.com
bildirir ki, "Meydan TV"-nin dərc etdiyi bəyanatda onlar günün qeyd olunması üçün 18 noyabr tarixini seçdiklərini bildiriblər. Bu, həmin günün mərhum siyasi fəal, Azərbaycanın ilk qadın siyasi məhbusu hesab olunan Faina Kunqurovanın anım günü olması ilə izah olunub.

"Mayın 28-də Azərbaycanda Respublika – Müstəqillik Günü qeyd olundu. Lakin, təəssüf ki, 108 yaşlı bir ölkədə insan hüquq və azadlıqları ilə bağlı heç bir konkret islahat aparılmayıb, xüsusən də Əliyevlərin son 30 illik hakimiyyəti dövründə vətəndaş hüquq və azadlıqları 70 illik Sovet istibdadı dövründən də bərbad hala düşüb. Mövcud avtoritar hakimiyyət bütün siyasi, iqtisadi, mədəni azadlıqları total şəkildə məhdudlaşdırıb, siyasi rəqabəti boğub, media və vətəndaş cəmiyyəti institutlarını tamamilə sıradan çıxarıb. Ölkənin aktiv siyasi kəsimi, müxalif liderlər, vətəndaş cəmiyyəti və media təmsilçiləri repressiyaya məruz qalaraq həbs olunublar. Ümumilikdə siyasi həbs və təzyiqlər 30 illik avtoritarizm dövründə ənənəvi cəzaya çevrilib. Hazırda Azərbaycanda 300-dən artıq siyasi məhbus var ki, onların da 9-u qadın jurnalistlərdir", - bəyanatda deyilir.

"Bütün bunları və ölkədə siyasi məhbus probleminin 30 ildir ki, aktual olduğunu nəzərə alıb Azərbaycanda Siyasi Məhbuslar Gününü təsis edərək, hər il qeyd olunmasını vacib sayırıq", - müraciətçilər əlavə edib.

Faina Kunqurova 2007-ci il noyabrın 18-də həbsxanada ölüm aclığı keçirdiyi vaxt vəfat edib.

Bəyanatı həbsdə olan jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş, Natiq Cavadlı, Sevinc Vaqifqızı, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Ülviyyə Əli, Fatimə Mövlamlı, Ramin Deko (Cəbrayılzadə), Nurlan Libre (Qəhrəmanlı), Əhməd Muxtar, Nərgiz Absalamova, Ülvi Həsənli, Elnarə Qasımova, Müşfiq Cabbar, Fərid İsmayılov, Hafiz Babalı, vətəndaş cəmiyyəti üzvləri Akif Qurbanov, Ramil Babayev, İlkin Əmrahov, Məmməd Məmmədzadə (Alpay), Bəhruz Səmədov, İmran Əliyev, Əli Zeynal, Rüfət Səfərov və siyasətçi Ruslan İzzətli imzalayıblar.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın may ayında açıqladığı siyahıya əsasən, ölkədə 328 siyasi məhbus var.

Rəsmilər isə ölkədə heç kimin siyasi fikirləri və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz