Fərid İsmayılov: Hikmət Hacıyevdən aldığım müsahibə həbsimə gətirib çıxardı
Tarix: Bu gün, 16:36
“Toplum TV”nin həbsdə olan jurnalisti Fərid İsmayılov dövlət ittihamçısının ona 13 il həbs cəzası istəməsi ilə bağlı ictimaiyyətə məktub göndərib.
Civilazerbaijan.com Toplum TV-yə istinadla həmin məktubu olduğu kimi təqdim edir:
“28 aydır cinayət törətməkdə ittiham olunuram. “Cinayət işi” adlanan kağız yığınında mütəşəkkil dəstənin araşdırmaçı jurnalisti olduğum yazılır və araşdırdığım materialları istintaq orqanı sübut kimi qiymətləndirib. Bu fakt mənim niyə həbs olduğumun sübutudur.
Bildirirəm ki, heç vaxt nə cinayət törətmiş, nə də cinayətdə iştirak etmişəm. Amma jurnalist fəaliyyətim cinayət əməli hesab olunur. Dövlət qurumları belə təsvir edir ki, yaşadığımız ölkədə jurnalistika cinayətdir.
Mən “Toplum TV”-də Söyüdlü, Nabatkənd də daxil olmaqla onlarla kənddə baş verənləri, parlamentdə yatan deputatları, zorakılığa məruz qalan vətəndaşların şikayətlərini, yuyulan dövlət büdcəsini izləyəcilərə çatdırmışam. COP-29 tədbirində Azərbaycan hakimiyyətinin rəsmilərindən insan haqları mövzusunda müsahibələr almışam.
Həmçinin prezidentin köməkçisi Hikmət Hacıyevdən müsahibə almışam və bu, mənim həbsimə gətirib çıxardı. Hacıyevə silah yox, mikrofon uzatmışam, öldürməmişəm, sual vermişəm. Qanunsuz suallar, reportaj araşdırmalarıma görə 13 il həbs cəzasına məhkum olunmağım istənilir. Misal olaraq, terrora çağırış etsəydim, 5 il, təyyərə qaçırsaydım, 8 ilədək həbs cəzası ala bilərdim.
Media eksperti və “Toplum TV” həmtəsisçisi Ələşgər Məmmədli hüquqi təlimlər yox, terrorçuluq məqsədi ilə təlim geçsəydi, 15 il deyil, 10 ilədək həbs cəzası gözləyirdi.
“Toplum TV” - də fəaliyyətimə görə qürur duyuram. Təəssüflənəcəyim hər hansı bir səbəb görmürəm. Mən bu hökumətin imtihanından qətiyyən qorxmuram”.
İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə uzunmüddətli həbslər istəyib.
Prokuror 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər zərərçəkən qismində çıxış edən Dövlət Vergi Xidmətinə 79,440 manat ödəməlidir. O, bununla bağlı təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş avtomobilləri və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.
"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













