Əli Kərimlinin telefon danışığı hüququnun məhdudlaşdırıldığı bildirilir

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:11


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir.

Civilazerbaijan.com
bildirir ki, partiya üzvlərinin yaydığı məlumata görə, sədr bunu iyunun 16-da Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə dilə gətirib.

Partiya sədri bildirib ki, artıq ikinci dəfədir ailəsi ilə telefonla danışa bilmir. O, bunu yerli və beynəlxalq mediaya ailəsi vasitəsilə verdiyi müsahibələrlə əlaqələndirib.

"Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, "France 24"ə verdiyim müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın dayandırılmasına nail olmaq istəyir", - Kərimli qeyd edib.

İddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.

Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Daha əvvəl hökumətyönlü mediada yayılan iddiaya görə, R.Mehdiyev Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Azərbaycanda keçid hökuməti yaratmağı təklif edib. Ramiz Mehdiyevin bu iddialara münasibəti məlum deyil. Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.

Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub. Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib, Toplum Tv-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz