Media və Yayım Şurası informasiya məkanına dövlət nəzarətini gücləndirəcək - RSF
Tarix: Bu gün, 17:26
“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) Azərbaycanda Media və Yayım Şurası adlı qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsini tənqid edib.
Civilazerbaijan.com bildirir ki, Milli Məclisdə iyunun 30-da səsə qoyulması gözlənilən layihəyə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir və Media və Yayım Şurası yaradılır.
“Hökumət tənzimləyici çərçivəni mətbuat, yayım mediası və rəqəmsal platformalar arasındakı sərhədlərin yox olduğu bir mühitə uyğunlaşdırmaq istədiyini bildirir. Həmçinin, "milli informasiya təhlükəsizliyi" və "medianın iqtisadi müstəqilliyini" müdafiə etmək zərurətinə də istinad olunur. Lakin azərbaycanlı ekspertlər islahatın başqa bir məqsədinin olduğunu deyirlər: müstəqil informasiya üçün əsas məkanların rəqəmsal platformalara keçdiyi bir media mühitinə dövlətin nəzarət etmək qabiliyyətini gücləndirmək”, - RSF qeyd edib.
Bəyanatda RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Jan Kavalyerə istinadla deyilir ki, qanun layihəsi müstəqil tənzimləyici yaratmır.
“Bu, icraedici hakimiyyətə xidmət edən informasiya idarəetmə mərkəzi yaratmaqla dövlətin media üzərindəki nəzarətini tamamlayır. Son müstəqil jurnalistlərin həbs olunduğu, mühacirətə göndərildiyi və ya gizli işləməyə məcbur edildiyi dövrdə hakimiyyət sektor üzərindəki bütün nəzarət qollarını öz əllərinə almağı seçir. Əsl tənzimləmə plüralizmi qorumalı, siyasi hakimiyyəti möhkəmləndirmək üçün istifadə olunmamalıdır”, - o deyib.
RSF Azərbaycanda vaxtilə mövcud olmuş, 2001-ci ildə ləğv olunmuş Mətbuat və İnformasiya Nazirliyini xatırladaraq əlavə edir ki, yeni şura həmin qurumu “dirçəldəcək”.
“Bir əsas fərq var: nəzarət artıq yalnız mətbuata, televiziyaya və radioya deyil, həm də rəqəmsal platformalara - “YouTube”, “Telegram”, “Facebook” və “Instagram”a - yönəlib, bu platformalar isə Azərbaycan vətəndaşlarının hələ də müstəqil məlumatlara çıxışı üçün əsas kanallara çevrilib”, - deyə vurğulanıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











