AXCP üzvü Vüqar Qədirli 2 il azadlıqdan məhrum edilib
Tarix: Bu gün, 17:50
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib.
Civilazerbaijan.com bildirir ki, partiyanın yaydığı məlumata görə, Qarabağ müharibəsi iştirakçısı olan V.Qədirli barəsində qərar iyunun 30-da İmişli Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Vüqar Qədirli ötən il dekabrın 12-də saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə, sonra isə evində polis və mülki geyimli şəxslər tərəfindən axtarış aparılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü həbsdədir. Ə.Kərimli və həbsdə olan digər AXCP üzvləri ittihamları qəbul etmirlər, siyasi fəaliyyətlərinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyirlər.
İnsan haqları təşkilatları hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs olduğunu deyirlər.
Rəsmi Bakı isə bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edir. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











