Bəylər Eyyubovun qardaşı oğlunun da təqsirləndirildiyi iş üzrə məhkəmə başlayıb
Tarix: Bu gün, 19:37
Birləşmiş Ərəb Əmirlikləri və İrandan gəmi ilə aksiz markası olmayan 5 milyon yarımlıq siqaret gətirərək dəniz limanından qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməkdə ittiham olunan 10 nəfərin məhkəməsi başlayıb.
Civilazerbaijan.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılanlar arasında "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov və başqaları var. Onlardan altı nəfər həbsdədir, qalan dördü haqqında da istintaq və məhkəmə dövrü üçün alternativ qətimkan tədbiri seçilib.
İyulun 1-də məhkəmənin ilk iclasında həbsdə olanların vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılmasını istəyiblər. Bununla bağlı vəsatət qaldıran müdafiəçilər deyiblər ki, məhkəmə gedən dövrdə onları həbsdə saxlamağa əsas yoxdur.
Z.Haşımovun vəkili vəsatətini əsaslandırarkən vurğulayıb ki, müvəkkili məhkəmədən yayınmayacaq. Üstəlik, onun ailəsində ciddi problemlər var, həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir.
F.Usubovun müdafiəçisi isə bildirib ki, artıq istintaq yekunlaşıb, təqsirləndirilən şəxslərin şahidlərə təsir göstərmək imkanı yoxdur, yaşadıqları yer məlumdur. Bu üzdən, məhkəmə dövründə onları həbsdə saxlamağa ehtiyac yoxdur.
Kamil Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası həbsdəkiləri ev dustaqlığına buraxmaqdan imtina edib.
İstintaqdan narazılıq dilə gətirilib
Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun inspektoru Heydər Eyvazlının vəkili isə, ümumiyyətlə, istintaqdakı araşdırmalardan narazılığını dilə gətirib. Müdafiəçi vurğulayıb ki, bu cinayət işi üzrə istintaq obyektiv və hərtərəfli aparılmadığından məhkəmə işi təkrar araşdırılması üçün istintaqa qaytarmalıdır.
Təqsirləndirilən digər inspektor Tamerlan Axundzadə vəsatətlərə münasibət bildirərkən deyib ki, heç bir cinayət törətməyib və özünü təqsirli saymır.
İşin məhkəmə baxışına xitam verilməsi və istintaqa qaytarılması haqda vəsatət də təmin edilməyib. Hakimlər 5.4 milyon manatlıq siqaret qaçaqmalçılığı haqda cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmasına qərar veriblər. İyulun 15-də keçiriləcək növbəti iclasda prokuror ittiham aktını elan edəcək və ardından ifadələr dinləniləcək.
Bu cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1-ci (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədilə saxlama) və 30-8.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələriylə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Həbs edilənlərdən biri ev dustaqlığına buraxılıb
Ötən ilin dekabrında bu cinayət işiylə bağlı həbs olunanlardan biri də "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov olub. O, iyunun əvvəlində ev dustaqlığına buraxılıb. Məhkəmə R.Eyyubov haqqında həbs-qətimkan tədbirinin dəyişməsini onun sağlamlığındakı problemlərlə əsaslandırıb. R.Eyyubov həbsdən buraxılandan sonra onun haqqındakı cinayət işi də digərlərindən ayrılıb. R.Eyyubov 2025-ci ildən Prezident Katibliyinin rəisi olan, 1993-cü ildən o vaxtadəksə Prezidentin Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş Bəylər Eyyubovun qardaşı oğludur, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












